Azərbaycanda ali məktəblərə qəbul prosesi uzun illərdir həm abituriyentlərin, həm də mütəxəssislərin müzakirə mövzusuna çevrilib. Təhsil eksperti Elşən Qafarov bildirib ki, hazırkı qrup imtahanları modeli gənclərin istədikləri ixtisaslara qəbul olunmasını çətinləşdirir. Onun fikrincə, DİM-in test hazırlayan və eyni zamanda imtahanı keçirən qurum olması düzgün deyil və bu, sistemin obyektivliyinə dair şübhələr yaradır. Mövcud modeldə abituriyent 10–15 ixtisas göstərsə də, nəticədə tam fərqli bir sahəyə yönləndirilə bilər; məsələn, həkim olmaq istəyən gəncin kimya müəllimi kimi qəbul alması kimi hallar ortaya çıxır. Bu isə həm şəxsi maraqların, həm də peşə yönümünün ziddiyyətinə gətirib çıxarır. Məhz buna görə ekspertlər imtahanların qruplar üzrə deyil, ixtisaslar üzrə keçirilməsinin daha məqsədəuyğun olacağını vurğulayırlar.
Təhsil eksperti Fuad Hacıyev mövzu ilə bağlı Musavat.com-a deyib ki, DİM-in qəbul imtahanları ilə bağlı mövcud modeli uzun illərdir tətbiq olunur və texniki baxımdan müəyyən sistemlilik formalaşdırıb: “Ancaq praktiki nəticələr göstərir ki, bu model ideal deyil. Qrup üzrə imtahan mexanizmi abituriyentin real istək və bacarıqlarını tam şəkildə üzə çıxarmır. Nəticədə minlərlə gənc arzuladığı ixtisasa deyil, sadəcə topladığı bala uyğun olan sahəyə yönəlir. Bu isə uzunmüddətli perspektivdə həm insan resurslarının səmərəsiz istifadəsinə, həm də peşə məmnuniyyətsizliyinə səbəb olur.
Hesab edirəm ki, qəbul sistemi qruplar üzrə deyil, ixtisaslar üzrə qurulmalıdır. Məsələn, həkim olmaq istəyən abituriyentin əsasən biologiya, kimya və analitik düşünmə bacarıqları qiymətləndirilməlidir. Eyni yanaşma mühəndislik, hüquq, pedaqoji və digər sahələr üçün də tətbiq oluna bilər. Bu model həm universitetlərə daha uyğun tələbə seçimini təmin edər, həm də gənclərin gələcək peşə yolunu daha düzgün müəyyənləşdirməsinə kömək edər.
Digər mühüm məsələ isə testlərin hazırlanması və imtahanların keçirilməsinin eyni qurumun səlahiyyətində olmasıdır. Beynəlxalq təcrübədə bu funksiyalar adətən ayrılır ki, şəffaflıq və ictimai etimad daha da güclənsin. DİM-in bu istiqamətdə islahatlara açıq olması cəmiyyət üçün müsbət addım olar”.
Ekspert qeyd edib ki, 2027-ci ildən etibarən imtahanlara idrak və məntiq yönümlü sualların əlavə edilməsi ideya baxımından müsbət qiymətləndirilə bilər: ” Lakin bu dəyişiklik mərhələli şəkildə, məktəb proqramları və müəllim hazırlığı ilə paralel aparılmalıdır. Əks halda, repetitorluq asılılığı və sosial bərabərsizlik daha da dərinləşə bilər”.
Yekun olaraq qeyd etmək istərdim ki, qəbul imtahanı sistemi sadəcə ölçmə mexanizmi deyil, ölkənin gələcək kadr strategiyasının əsas sütunlarından biridir. Bu səbəbdən islahatlar tələsik deyil, geniş müzakirələr və real nəticələr əsasında həyata keçirilməlidir”.























