Azərbaycanda illərdir müzakirə mövzusu olan sənədsiz evlərin leqallaşdırılması məsələsinin növbəti mərhələyə keçəcəyi ilə bağlı gözləntilər artmaqdadır. Xüsusilə, 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması plansız tikililər, riskli zonalarda yerləşən və çıxarışı olmayan yaşayış sahələrinin taleyini yenidən gündəmə gətirib. Bu qərar şəhərsalma siyasətində yeni yanaşmaların formalaşacağına dair ictimai marağı daha da gücləndirib.
Xatırladaq ki, bir neçə ay əvvəl “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər zamanı ölkədə 500 mindən çox sənədsiz evin mövcud olduğu açıqlanmışdı. Bildirilmişdi ki, onlardan təxminən 100 mininin çıxarış ala bilməsi nəzərdə tutulur. Həmin dövrdə keçirilən ictimai müzakirələrdə ekspertlər vurğulamışdılar ki, bu mexanizm bütün sənədsiz tikililəri əhatə etməyəcək və proses müəyyən meyarlar əsasında həyata keçiriləcək.
Məhz bu səbəbdən cəmiyyətdə ciddi suallar aktuallaşıb: yenilik nədən ibarətdir, “kupça” üçün ödənişlər hansı əmlaklara şamil olunacaq, heç bir sənədi olmayan evlər bu mexanizmə daxil ediləcəkmi, bələdiyyə sənədi ilə alınmış torpaq sahələrində inşa edilən tikililərə çıxarış almaq mümkün olacaqmı və bütün bu proses necə tənzimlənəcək?
Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) sədr müavini Günay İsmayılqızı mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bir müddət əvvəl rəsmi dairələrdən səsləndirilirdi ki, sənədsiz evlərə çıxarış verilməsi məsələsi olduqca müşküldür və bu istiqamətdə genişmiqyaslı həll mexanizmi yoxdur. Son günlər isə mövzu yenidən gündəmə gəlib və müəyyən məbləğ qarşılığında sənədləşmənin mümkün olacağı barədə məlumatlar yayılır. Bu da təbii olaraq cəmiyyətdə suallar doğurur: proses necə tənzimlənəcək, konkret olaraq hansı evlərdən söhbət gedir və hansı sənədlər tələb olunacaq?
İlk növbədə aydınlaşdırılmalıdır ki, burada söhbət bütün sənədsiz evlərdən getmir. Daha dəqiq desək, heç bir hüquqi əsası olmayan, özbaşına zəbt edilmiş dövlət torpaqlarında tikilmiş evlər bu mexanizmin predmetinə daxil deyil. Gündəmə gələn məsələ əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən tikililərlə bağlıdır.
Məlumatlara görə, mexanizm mərhələli şəkildə həyata keçiriləcək. Birinci mərhələdə bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı əsasında qiymətləndirməyə göndərilir. Qiymətləndirmə zamanı bazar araşdırması aparılır və torpaq sahəsinin real bazar dəyəri müəyyən edilir. Bundan sonra qiymətləndirmə rəyi və digər zəruri sənədlər əmlak məsələləri üzrə aidiyyəti quruma təqdim olunur. Məqsəd torpaq sahəsinin hüquqi dövriyyəyə daxil edilməsi və bələdiyyənin adına rəsmiləşdirilməsidir. Müsbət rəy verildikdən sonra torpaq sahəsinə bələdiyyənin adına çıxarış təqdim olunur”.
Ekspert qeyd edib ki, növbəti mərhələdə bələdiyyə artıq öz adına çıxarış aldığı torpaq sahəsini iki yolla vətəndaşlara təqdim edə bilər:
“Birinci halda torpaq sahəsi birbaşa alqı-satqı müqaviləsi əsasında vətəndaşa satılır və nəticədə çıxarış vətəndaşın adına keçirilir. İkinci halda isə torpaq sahəsi satış üçün hərracların təşkili üzrə publik hüquqi şəxsə göndərilir. Torpaq sahəsi ən azı bir ay müddətində rəsmi elanlarda yerləşdirilir. Bu müddət ərzində vətəndaşlar hərracda iştirak etmək üçün beh məbləğini ödəyərək müraciət edirlər. Hərrac günü ən yüksək məbləği təklif edən şəxs qalib elan olunur və ona qalib alıcı şəhadətnaməsi verilir. Qalib vətəndaş təklif etdiyi məbləği tam ödədikdən sonra torpaq sahəsinə çıxarış almaq hüququ əldə edir.
Vacib məqamlardan biri də odur ki, əgər torpaq sahəsində tikili mövcuddursa, həmin tikili üzrə layihə-sxem hazırlanır. Layihə-sxem və digər tələb olunan sənədlərlə birlikdə çıxarışın alınması üçün müraciət edilir. Müvafiq dövlət rüsumu ödənildikdən sonra torpaq sahəsinin üzərində yerləşən tikili üzrə çıxarış rəsmiləşdirilir. Bu baxımdan “ümumiyyətlə heç bir sənədi olmayan evlərə çıxarış veriləcək” fikri bəzən yanlış anlaşılır. Əsasən vaxtilə bələdiyyə sənədi ilə alınmış torpaq sahələrində inşa edilmiş evlər bu mexanizm çərçivəsində leqallaşdırıla bilər. Hər bir müraciət fərdi qaydada araşdırılacaq və şəhərsalma normalarına zidd olan tikililər bu prosesdən kənarda qalacaq.
Bu mexanizm düzgün tətbiq olunarsa, uzun illərdir sənədsiz ev problemi ilə üzləşən minlərlə vətəndaş üçün real çıxış yolu yarana bilər”.






















