Araşdırma: Yatmazdan əvvəl son 3 saat ərzində yemək yeməmək ürək sağlamlığını yaxşılaşdıra bilər

ABŞ-də aparılan araşdırmada yatmazdan əvvəl son 3 saat ərzində qida qəbul etməməyin ürək sağlamlığı və maddələr mübadiləsi üzərində müsbət təsir göstərə biləcəyi müəyyən edilib.

Referans Media xəbər verir ki, Northwestern Medicine tərəfindən aparılan tədqiqatda son yemək saatının ürək və metabolizmə təsiri araşdırılıb.

Araşdırma çərçivəsində artıq çəkili birinci qrup yatmazdan ən azı üç saat əvvəl yeməyi dayandırıb və bu şəxslərə 13–16 saatlıq gecə orucu tətbiq olunub.

İkinci qrup isə 11–13 saatlıq gecə orucu rejimini davam etdirib. Tədqiqatda bütün iştirakçılar həmçinin yatmazdan 3 saat əvvəl işıqları azaldıblar.

Kalori miqdarı deyil, yalnız qidalanma vaxtı dəyişdirilən araşdırmada son yemək saatını erkənə çəkən qrupda gecə qan təzyiqinin və ürək döyüntüsünün nəzərəçarpacaq dərəcədə azaldığı, həmçinin qan şəkəri səviyyəsinin yaxşılaşdığı müəyyən olunub.

Araşdırmada xüsusilə ürək xəstəliyi riski yüksək olan şəxslər üçün yemək saatını erkənə çəkməyin pəhrizin tərkibini dəyişmədən tətbiq edilə bilən praktik üsul ola biləcəyi vurğulanıb.

Tədqiqatda qeyd olunub ki, orqanizmin bioloji saatı kimi tanınan sirkadiyen ritm metabolizma və ürək funksiyaları da daxil olmaqla bir çox prosesi tənzimləyir. Metabolik sağlamlığın pozulması isə Tip 2 diabet, qaraciyər piylənməsi və ürək xəstəlikləri riskini artırır.

Araşdırmanın nəticələri Arteriosclerosis, Thrombosis, and Vascular Biology jurnalında dərc olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki