Azərbaycanda lizinq bazarında yeni mərhələ başlayır. “Maliyyə icarəsi haqqında” qanun layihəsinin qəbulu həm bu sahədə nəzarəti gücləndirə, həm də vətəndaşlar üçün daha sərfəli maliyyə imkanları yarada bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, qanun layihəsinin əsas məqsədi lizinq sektorunda hesabatlılığın və nəzarətin gücləndirilməsidir:
“Hazırda mövcud qaydalara əsasən, maliyyə lizinqi ilə məşğul olmaq üçün sadəcə vergi qeydiyyatından keçmək kifayətdir. Bu isə praktik olaraq hesabatlılığın zəif olmasına gətirib çıxarır. Qurumlardan mərkəzi banka və ya digər orqanlara hesabat verilməsi tələb olunmadığı üçün bəzi hallarda istehlakçı hüquqlarının pozulması müşahidə edilirdi. Bu baxımdan yeni qanunun qəbuluna ehtiyac yaranmışdı”.
Deputat qeyd edib ki, yeni qanun bu boşluqları aradan qaldıracaq:
“Yeni qanun hesabatlılığı təmin edəcək, reyestr sisteminin yaradılmasına imkan verəcək və sektor üzərində nəzarəti gücləndirəcək. Eyni zamanda bu, istehlakçı hüquqlarının daha effektiv qorunmasına şərait yaradacaq”.
Onun sözlərinə görə, dəyişikliklər bazarda rəqabətin artmasına da təsir edəcək:
“Rəqabətin güclənməsi nəticəsində təklif olunan məhsulların həm dəyəri, həm də ümumi səmərəliliyi artacaq. Bu da bazarda daha uyğun şərtlərlə lizinq xidmətlərinin formalaşmasına gətirib çıxaracaq”.
Vüqar Bayramov əlavə edib ki, yeni qanun lizinq bazarının genişlənməsinə və maliyyə resurslarına çıxışın artmasına səbəb olacaq:
“Bu dəyişikliklər bazarın dövriyyəsini artıracaq. Eyni zamanda kreditlərin verilməsi və onların kredit reyestrində qeydiyyata alınması gözlənilir. Nəticə etibarilə sektorun inkişafı alternativ maliyyə məhsullarının bazara çıxmasına şərait yaradacaq”.
Deputat vurğulayıb ki, bütün bu yeniliklər vətəndaşlar üçün daha sərfəli imkanlar yaradacaq:
“Bu proses vətəndaşların daha aşağı faizli kreditlərə və daha ucuz maliyyə resurslarına çıxış imkanlarını artıracaq. Çünki maliyyə lizinqi bazarının inkişafı daha uyğun şərtlərlə maliyyələşməyə şərait yaradır”.
Beləliklə, yeni qanunun qəbulu lizinq sektorunda şəffaflığın artmasına, rəqabətin güclənməsinə və nəticədə vətəndaşlar üçün daha əlçatan maliyyə imkanlarının yaranmasına səbəb ola bilər.
Gülnaz Abdullazadə



















