image-indir-7backend

Dadı yoxdur, amma təhlükəsi çoxdur: Süni yetişdirilən məhsullar haqqında ŞOK FAKTLAR!

Mövsümündən əvvəl bazara çıxarılan meyvə və tərəvəzlərlə bağlı müzakirələr yenidən gündəmdədir. “Erkən məhsullar nə dərəcədə təhlükəlidir?” sualı isə istehlakçıları ən çox düşündürən mövzulardan biridir.

image-ferid-seferovMövzu ilə bağlı Referans Media-ya açıqlama verən qida mütəxəssisi Fərid Səfərov bildirib ki, mövsümündən əvvəl satışa çıxarılan məhsulları tamamilə zərərli saymaq düzgün deyil, lakin onların sağlamlıq baxımından müəyyən riskləri və keyfiyyət fərqləri mövcuddur.

Ekspertin sözlərinə görə, bu cür məhsullar əsasən istixanalarda, yəni süni şəraitdə yetişdirilir, sürətləndirici gübrələr və böyümə stimulyatorları tətbiq olunur, bəzi hallarda isə süni yetişdirmə üsullarından – məsələn, etilen qazından istifadə edilir.

Fərid Səfərov qeyd edib ki, bu məhsulların əsas riskləri bir neçə istiqamətdə özünü göstərir:

“Erkən məhsul almaq üçün azotlu gübrələr və pestisidlər daha çox istifadə oluna bilər. Bu isə nitrat və pestisid qalıqlarının artmasına səbəb olur. Yüksək nitrat qəbulu xüsusilə uşaqlarda qan dövranına mənfi təsir göstərə bilər, pestisid qalıqları isə uzunmüddətli dövrdə hormonal balansı və qaraciyər funksiyalarını poza bilər”.

Mütəxəssis əlavə edib ki, bu məhsulların qida dəyəri də mövsümi məhsullarla müqayisədə daha aşağı olur:

“Vitamin və antioksidant miqdarı azalır, dad və ətir zəifləyir. Bu da onların təbii şəraitdə yetişmədiyini göstərir”.

Ekspert süni yetişdirmə prosesinin də müəyyən mənfi tərəflərini vurğulayıb:

“Bəzi hallarda meyvələr tam yetişməmiş toplanır və sonradan qazlarla yetişdirilir. Bu zaman qida dəyəri azalır və həzm sistemi üçün daha ağır ola bilər”.

Onun sözlərinə görə, bu cür məhsullar bəzi insanlarda allergik reaksiyalar və həzm problemləri də yarada bilər.

Fərid Səfərov istehlakçılara seçim zamanı diqqətli olmağı tövsiyə edir:

“Mövsümündə olan məhsullara üstünlük verin. Həddindən artıq iri, parlaq və ‘ideal görünən’ meyvələrə şübhə ilə yanaşın. İstifadədən əvvəl məhsulları yaxşı yuyun, mümkün olduqda qabığını soyun”.

Ekspert vurğulayıb ki, mövsümündən əvvəl yetişdirilən məhsullar tam qadağan ediləcək qədər təhlükəli olmasa da, kimyəvi müdaxilə riski və aşağı qida dəyəri səbəbilə onların müntəzəm və çox miqdarda istehlakı tövsiyə olunmur.

Onun sözlərinə görə, ən düzgün seçim mümkün qədər təbii və mövsümi məhsullara üstünlük verməkdir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki