Yeni tikilən binalarda fərdi istilik sistemlərinə məhdudiyyətlərin tətbiqi mənzil bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Xüsusilə keçid dövründə alıcıların hansı tip binalara üstünlük verəcəyi və qiymətlərin necə dəyişəcəyi diqqət mərkəzinə çevrilib.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, yeni qaydalar əsasən bundan sonra layihələndiriləcək binalara aiddir:
“Bu dəyişikliklər yeni layihələndirilən binalara şamil olunur. Amma bu o demək deyil ki, indiyə qədər kombi, yəni fərdi istilik sistemi ilə təmin olunan binalar məcburi şəkildə yeni sistemə keçməlidir”.
Onun sözlərinə görə, keçid dövründə bazarda maraqlı tendensiya müşahidə oluna bilər:
“İlk mərhələdə vətəndaşlar daha çox fərdi istilik sistemi olan binalara üstünlük verəcək. Çünki burada qərarı özü verir – istədiyi vaxt istiliyi açır, söndürür və xərclər birbaşa qaz istifadəsi ilə bağlı olur. Əlavə idarəetmə və servis xərcləri də vətəndaşın öz nəzarətindədir. Bu səbəbdən keçid dövründə mövcud binalara tələbat arta və həmin mənzillərin qiyməti yüksələ bilər”.
Ekspert qeyd edib ki, zaman keçdikcə isə vəziyyət dəyişəcək:
“Şəhər tədricən yeni sistemə uyğunlaşdırılacaq və yeni layihələndirilən binalara üstünlük veriləcək. Əgər bu binalar müasir normativlərə uyğun tikilərsə, enerji pasportu (A, B, C kateqoriyaları) təmin olunarsa və enerji qənaəti sistemləri tətbiq edilərsə, yeni sistem daha uğurlu olacaq”.
Vüqar Oruc vurğulayıb ki, əsas məsələ tikinti keyfiyyəti və izolyasiyadır:
“Əgər binalarda düzgün izolyasiya təmin olunmazsa və müasir standartlara əməl edilməzsə, qazanxana sistemi daha çox xərc tələb edəcək. Buraya texniki servis, menecment, idarəetmə və qaz sərfiyyatı xərcləri daxildir və bu da aylıq kommunal ödənişlərə təsir edə bilər”.
Onun fikrincə, alternativ enerji mənbələrinin tətbiqi bu sistemi daha səmərəli edə bilər:
“Əgər istilik alternativ enerji mənbələri hesabına təmin olunarsa, xərclər azalacaq. Əks halda, ənənəvi üsullarla yeni sistemdə xərclər daha yüksək ola bilər”.
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə yeni sistem üstünlük qazanacaq:
“Zaman keçdikcə yeni layihələndirilən binalar daha cəlbedici olacaq. Bu sistem həm təhlükəsizlik, həm də komfort baxımından daha üstün hesab olunur. Ümumilikdə şəhərsalma prinsipləri də artıq bu istiqamətdə dəyişir”.
Onun sözlərinə görə, bu keçidin tənzimlənməsi əsasən dövlətin siyasətindən asılı olacaq və enerji xərclərinin optimallaşdırılması ilə bağlı addımlar həlledici rol oynayacaq.
Gülnaz Abdullazadə




















