Saathesabı əməkhaqqı sisteminə keçidin əmək bazarında köklü dəyişikliklər yaradacağı gözlənilmir. Bu yanaşma daha çox mühasibatlıq sahəsində uçotun təkmilləşdirilməsi üçün müəyyən şərait formalaşdırır və əmək münasibətlərinin təşkilinə, eləcə də əməkhaqqı səviyyəsinin müəyyən edilməsinə ciddi təsir göstərmir.
İqtisadçı Rəşad Həsənov Referans Media-ya açıqlamasında deyib ki, əməkhaqqı səviyyəsinə təsir edən əsas amillər məhsuldarlıq, bazarda tələb və təklif nisbəti, həmçinin hökumətin sosial siyasətə yanaşmasıdır. Onun sözlərinə görə, 2025-ci ildə inflyasiya səviyyəsi 6 faizə yaxın olub və 2026-cı il üçün də oxşar göstəricilər proqnozlaşdırılır. Mərkəzi Bank 2026-cı il üzrə inflyasiyanı 5,7 faiz səviyyəsində qiymətləndirsə də, buna baxmayaraq minimum əməkhaqqında artım edilməyib. İqtisadçı bu sahədə yaxın dövrdə ciddi dəyişikliklərin baş verəcəyini real hesab etmir.
Rəşad Həsənov bildirib ki, işçilərin əməkhaqqı və iş vaxtı ilə bağlı hüquqları Əmək Məcəlləsində, digər aidiyyəti qanunvericilik aktlarında və əmək müqaviləsində açıq şəkildə təsbit olunub. Əgər işçi əmək müqaviləsi əsasında çalışırsa, müqavilədə razılaşdırılmış müddəalar onun hüquqlarının qorunması üçün əsas mexanizmdir. Bu öhdəliklərin işəgötürən tərəfindən yerinə yetirilməməsi əməkhaqqının ödənilməməsi və ya gecikdirilməsi, iş mühitinin təmin edilməməsi, sosial sığorta ödənişlərinin vaxtında həyata keçirilməməsi, iş saatları qrafikinin pozulması, qeyri-iş saatlarında görülən işlərə görə əlavə ödənişlərin verilməməsi kimi hallarda özünü göstərir.
İqtisadçının sözlərinə görə, bu cür pozuntularla üzləşən işçilər Azərbaycan məhkəmələrinə müraciət edərək hüquqlarını tələb edə bilərlər. Həsənov qeyd edib ki, inzibati xarakterli işlər olduğu üçün müəyyən hallarda işçilər üstünlük əldə edə bilsələr də, hüquqların tam təmin olunması hər zaman birmənalı deyil. Eyni zamanda, belə müraciətlərin orta və uzunmüddətli dövrdə işçi üçün mümkün nəticələri də nəzərə alınmalıdır. Çünki işəgötürən növbəti mərhələdə müxtəlif əsaslarla işçi ilə əmək münasibətlərinə xitam verə bilər.
Rəşad Həsənov vurğulayıb ki, hazırda əmək bazarında şərtlər kifayət qədər mürəkkəbdir: tələb yüksək, təklif isə aşağıdır. Bu vəziyyətdə işin itirilməsi həm ailə, həm də fərdi səviyyədə ciddi sosial və iqtisadi məsuliyyət yaradır. Bu səbəbdən də işçilər hüquqi prosedurlara başlamazdan əvvəl bütün müsbət və mənfi məqamları diqqətlə dəyərləndirməlidirlər.
İqtisadçı hesab edir ki, vətəndaşlar məsələni rəsmi instansiyalara daşımadan öncə ilk növbədə öz hüquqlarını ətraflı öyrənməli, bu hüquqların icrasında daha tələbkar olmalı və eyni zamanda öz üzərlərinə düşən öhdəlikləri də layiqincə yerinə yetirməlidirlər.
