Bakının Nizami rayonunda 39 yaşlı kişi sərxoş vəziyyətdə dostuna xəsarət yetirib.
Referans Media Demokrat.az-a istinadən xəbər verir ki, Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Tural qəbul etdiyi spirtli içkinin təsiri altında tanışı Vəli (adlar şərtidir – red.) ilə mübahisə edib.
Məlum olub ki, onların arasında mübahisənin yaranmasına səbəb zarafat etmələri olub. 39 yaşlı kişi sərxoş vəziyyətdə dostu ilə əsassız zarafatlar edib.
Bu zaman Vəli 39 yaşlı dostunun zarafatlarını qəbul etməyib və ona irad bildirməsi ilə əlaqədar aralarında mübahisə baş verib. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birilərinə nalayiq ifadələr işlətmələri səbəbindən Vəli Turalın üz nahiyəsinə əli ilə zərbə vurub.
Bundan əsəbləşən Tural qisas almaq məqsədilə yumruqla Vəlinin sifət nahiyəsinə bir neçə dəfə qəsdən vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Turalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə iş qaldırılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Zərərçəkən də onu bağışlayıb, ona qarşı heç bir şikayət və tələbi olmadığını göstərib.
Məhkəmənin hökmü ilə Tural cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
