Sabiq təhsil naziri Misir Mərdanovun “Pozan Media TV”-yə verdiyi müsahibə sosial şəbəkələrdə geniş müzakirə edilir.
Xüsusilə sabiq nazirin Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barədə dediyi fikirlər geniş müzakirə olunur.
Referans Media xəbər verir ki, M.Mərdanov sosial şəbəkələrdə aparılan bu müzakirələrə etirazını bildirib:
"Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi".
Sabiq nazir deyib ki, bu iddia həqiqəti əks etdirmir:
"Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram".
