Ölkədə muzdla çalışan işçilərin gəlirlərində artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-fevral aylarında orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 1 099 manata çatıb.
Referans Media bildirir ki, iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılan təhlillər göstərir ki, bəzi sektorlarda qazanc səviyyəsi orta göstəricidən xeyli yüksəkdir.
Mədənçıxarma sənayesi, maliyyə və sığorta, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələri ən yüksək əməkhaqqı verilən sektorlar kimi liderliyini qoruyur. Nəqliyyat və anbar təsərrüfatı da gəlirlərin yüksək olduğu sahələr sırasındadır. Hazırda ölkədə muzdla çalışanların ümumi sayı 1 milyon 784 min nəfər təşkil edir. Maraqlıdır ki, özəl sektorda çalışanların sayı dövlət sektorunu üstələyərək 913,4 min nəfərə çatıb.
İşçilərin sahələr üzrə paylanmasına nəzər saldıqda ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi 18,5 faizlə ilk sırada yer alır. Təhsil sektoru 18,3 faizlə ikinci, sənaye sahəsi isə 13,8 faizlə üçüncü yerdədir. Bundan başqa, tikinti, səhiyyə və dövlət idarəetməsi kimi sahələrdə də xeyli sayda insan fəaliyyət göstərir.Demokrat.az





















