image-neft13backend

Hörmüz boğazında gərginlik: Neft bahalaşır, qlobal risklər artır

Hörmüz boğazında artan gərginlik qlobal enerji bazarlarında ciddi təsirlər yaratmağa başlayıb. Neft qiymətlərinin 100 dolları keçməsi artıq beynəlxalq bazarlarda hiss olunur.

image-akif-nesirliMövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu vəziyyət enerji təchizatının əsas “boğaz nöqtəsi”ndə risklərin artması deməkdir. Onun sözlərinə görə, qısa müddətdə bu proses enerji idxal edən ölkələrdə inflyasiyanın sürətlənməsi, istehsal xərclərinin artması və iqtisadi artımın zəifləməsi ilə nəticələnə bilər. Xüsusilə Avropa və Asiya ölkələrində enerji qiymətlərinin yüksəlməsi sənaye və nəqliyyat sektorlarına birbaşa təzyiq göstərir, maliyyə bazarlarında qeyri-müəyyənlik artır və investorlar daha təhlükəsiz aktivlərə yönəlir.

İqtisadçı qeyd edib ki, uzunmüddətli perspektivdə yüksək neft qiymətləri enerji siyasətində struktur dəyişikliklərini sürətləndirə bilər. Alternativ enerji mənbələrinə investisiyalar arta, enerji səmərəliliyi prioritetə çevrilə və bəzi ölkələr üçün iqtisadi transformasiya qaçılmaz ola bilər. Bununla yanaşı, uzun müddət yüksək qiymətlər qlobal tələbi zəiflədərək sonradan qiymətlərin yenidən enməsinə də səbəb ola bilər.

Akif Nəsirli vurğulayıb ki, Azərbaycan kimi enerji ixrac edən ölkələr üçün bu vəziyyət qısa müddətdə müsbət fiskal effekt yaradır. Neft gəlirlərinin artması dövlət büdcəsinə əlavə daxilolmalar gətirir, valyuta axınını gücləndirir və tədiyə balansını yaxşılaşdırır. Bu isə sosial xərclərin artırılması, infrastruktur layihələrinin genişləndirilməsi və ehtiyat fondlarının doldurulması üçün imkan yaradır.

Lakin iqtisadçı xəbərdarlıq edib ki, uzunmüddətli baxışda bu cür qiymət artımlarına arxalanmaq risklidir. Neft gəlirlərinin dəyişkənliyi büdcə planlaşdırmasını çətinləşdirir və fiskal intizamın zəifləməsi ehtimalını artırır. Bu səbəbdən hökumətin daha konservativ büdcə siyasəti yürütməsi, neft gəlirlərinin sabitləşdirilməsi və qeyri-neft sektorunun inkişafına diqqəti artırması vacibdir.

Onun sözlərinə görə, ABŞ və İran arasında gərginliyin davam etməsi fonunda neft bazarında tam sabitlik ehtimalı aşağıdır. Bu kimi geosiyasi risklər bazarda “risk mükafatı” yaradır və qiymətləri həssas edir. Əgər gərginlik açıq hərbi toqquşmaya çevrilməzsə, qiymətlər müəyyən intervalda dalğalana bilər, lakin hər hansı eskalasiya kəskin artımlara səbəb ola bilər. Ümumilikdə, yaxın dövrdə bazarda sabitlikdən çox dəyişkənliyin üstün olacağı gözlənilir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki