Şok artım: Qızıl bazarında nə baş verir?

Son dövrlərdə qızılın qiymətində müşahidə olunan artım investorların diqqət mərkəzinə çevrilib. Qlobal bazarlarda baş verən dəyişikliklər fonunda qiymətli metalın gələcək taleyi ilə bağlı suallar artır.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qızılın qiymətinin artmasının əsas səbəbləri sırasında qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya riskləri, mərkəzi bankların siyasəti və geosiyasi gərginliklər dayanır. Onun sözlərinə görə, qızıl ənənəvi olaraq “təhlükəsiz liman” hesab olunur və risklər artdıqca investorlar vəsaitlərini daha sabit aktivlərə yönəldirlər.

Ekspert qeyd edib ki, qiymət artımının davam edib-etməyəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Əgər inflyasiya yüksək səviyyədə qalarsa, faiz dərəcələri aşağı olarsa və dünyada qeyri-sabitlik davam edərsə, qızılın bahalaşması davam edə bilər. Əks halda, iqtisadi sabitlik güclənər və faizlər artarsa, qiymətlərdə eniş də mümkündür.

Akif Nəsirli vurğulayıb ki, hazırda qızıla investisiya tam risksiz deyil. Qısa müddətdə qiymət dalğalanmaları mümkündür və bu, xüsusilə sürətli qazanc əldə etmək istəyənlər üçün risk yaradır. Onun fikrincə, qızıl daha çox uzunmüddətli qoruyucu vasitə kimi istifadə olunmalı, inflyasiyadan qorunmaq üçün üstünlük verilməlidir.

Sonda ekspert əlavə edib ki, qızıl portfeli şaxələndirmək üçün faydalı alət olsa da, bütün vəsaiti bu sahəyə yönəltmək düzgün deyil. Müəyyən hissənin qızıla ayrılması riski azalda bilər, lakin qısa müddətli spekulyasiya üçün ehtiyatlı yanaşmaq tövsiyə olunur.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki