image-telebe7backend

Bakalavr təhsilinin 3 ilə endirilməsi gözlənilir

Azərbaycanda ali təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Təhsil mütəxəssisləri bunun həm tədris yükü, həm də əmək bazarının tələblərinə uyğunluq baxımından ciddi dəyişikliklər tələb etdiyini bildirirlər.

Referans Media-nın xəbərinə görə, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Teleqraf-a bildirib ki, növbəti dövrdə Azərbaycanda ali təhsilin bakalavriat pilləsi üzrə təhsil müddətinin 3 ilə, magistratura pilləsi üzrə təhsilin isə 1 ilə endirilməsi ilə bağlı qərarın qəbul olunacağı gözlənilir.

Onun sözlərinə görə, bu model dünyanın müxtəlif ölkələrində tətbiq olunan praktikaya uyğundur və qonşu Gürcüstanda da analoji sistemin həyata keçirilməsi planlaşdırılır:

“Ölkəmizdə bakalavr pilləsində bir çox ixtisaslarda təhsil müddəti 3 ilə, magistratura pilləsində isə 1 ilə qədər endiriləcək. Ali təhsil müəssisələrində bəzi ixtisaslarda qeyri-ixtisas fənlərinin tədrisi və dərs müddətlərinin uzun olması təhsilin effektivliyinə mənfi təsir göstərir”.

Ekspert vurğulayıb ki, dərs yükünün azaldılması və yalnız ixtisasa uyğun fənlərin saxlanılması ilə təhsil müddətinin qısaldılması mümkündür:

“Laboratoriya şəraiti tələb etməyən ixtisaslar üzrə 3 illik bakalavr təhsili kifayət qədər effektiv ola bilər. Qeyri-ixtisas fənlərini çıxarmaqla tələbələrə lazım olan bilikləri daha qısa müddətdə vermək mümkündür. Bu, dünya təcrübəsində geniş tətbiq olunur və effektivliyi də sübut edilib. Belə bir islahat həm bakalavr, həm də magistratura pilləsində təhsilin keyfiyyətinə, eləcə də hazırlanan kadrların əmək bazarına uyğunluğuna müsbət təsir göstərər. Əgər hər 3 ildən bir müvafiq istiqamət üzrə kadr hazırlığı həyata keçirilsə, bu, həm ali təhsil sisteminə, həm də iqtisadi inkişaf proseslərinə müsbət təsir göstərə bilər”.

Mütəxəsis əlavə edib ki, 3 illik bakalavr və 1 illik magistr təhsilinin uğurlu olduğu xarici təcrübələr də mövcuddur:

“Misal üçün, Finlandiyada bəzi ixtisaslarda bakalavr təhsili 3 ili, magistr təhsili 1 ili əhatə edir. Belçikanın bəzi ali təhsil müəssisələri də bu modeli tətbiq edir və kifayət qədər uğurlu nəticələr var. Həm ABŞ-də, həm Avropa ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdən Cənubi Koreyanın bəzi universitetlərində bu qərar uzun illərdir tətbiq olunur”.

Ekspert Cənubi Koreyada peşə-ixtisas təhsili üzrə qısa müddətli və intensiv hazırlıq modellərinin mövcud olduğunu xatırladıb:

“Onlar altı ay ərzində istənilən ixtisasla bağlı müvafiq bilik və bacarıqların verilməsi ilə kadr hazırlığı aparır və həmin kadrları istehsalat və şirkətlərə yönəldirlər. Düşünürəm ki, bəzi qeyri-ixtisas fənlərinin çıxarılması və optimallaşdırmalar nəticəsində təhsil müddətini qısaltmaq mümkündür və bunun effektivliyi də daha çox olacaq”.

Elçin Əfəndi bildirib ki, bu qərar bütün ixtisaslara şamil olunmayacaq:

“Laboratoriya şəraiti tələb olunan ixtisaslarda tədris müddəti 4 il olaraq qalacaq. Laboratoriya şəraiti tələb olunmayan ixtisaslarda isə müddət 3 il olaraq müəyyən ediləcək. Bu, həm tələbələrin ixtisaslarını daha yaxşı mənimsəməsinə şərait yaradacaq. Çünki tələbələr qeyri-ixtisas fənlərinə vaxt ayırmaq məcburiyyətində qalırlar, halbuki əsas məqsəd ixtisas fənləri üzrə bilik və bacarıqları formalaşdırmaqdır. Üç il müddəti də bu məqsəd üçün kifayət edir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki