Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan şəxslər barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Referans Media xəbər verir ki, hazırda təqdimata Xətai Rayon Məhkəməsində baxılır.
Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb.
***
24 oktyabr
11:28
Bakıda kafedə əlbəyaxa dava iştirakçıları saxlanılıb.
DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, insidentdə iştirak edən 9 nəfər polis tərəfindən müəyyən olunaraq saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
***
10:57
Bakıda ölümlə nəticələnən kütləvi davanın bəzi təfərrüatı məlum olub.
Referans Media Oxu.Az-a istinadla bildirir ki, davaya səbəb biznes münasibətlərində yaranmış mübahisə mübahisə olub. Dəhşətli cinayətdə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu deyilir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi işlədirlərmiş.
Hazırda davanın digər iştirakçılarının saxlanılması ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, baş verən kütləvi davada bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.
***
10:24
Bakıda kafelərdən birində kütləvi dava olub.
Referans Media Oxu.Az-a istinadla bildirir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Kafedə tərəflər arasında başlayan mübahisə əvvəlcə əlbəyaxa davaya çevrilib. Daha sonra dava iştirakçıları bir-birilərinə bıçaqla hücum ediblər.
Nəticədə "Ceyhun Sabunçu" kimi tanınan şəxs qətlə yetirilib, bir neçə nəfər isə yaralanıb.
