Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması və paytaxtın şimal istiqamətlərinin mərkəzlə daha rahat əlaqələndirilməsi məqsədilə mühüm nəqliyyat layihəsinin icrasına start verilir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində ilk mərhələdə “Mehdiabad–28 May (HUB)” tramvay xəttinin çəkilməsi nəzərdə tutulur. Layihə həm sərnişin daşımalarının optimallaşdırılması, həm də avtomobil asılılığının azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu xətt Bakının şimalındakı qəsəbələrin şəhər mərkəzi ilə birbaşa bağlantısını təmin edəcək.
Referans Media-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) şöbə müdiri Tural Orucov bildirib ki, gələcəkdə dəhlizin üzərində yerləşən M.Rəsulzadə qəsəbəsində dəmiryolu stansiyasının tikintisi də planlaşdırılır. Onun sözlərinə görə, tramvay xətti istifadəyə verildikdən sonra bu dəmiryolu stansiyasında, eləcə də metronun “Azadlıq prospekti” stansiyası yaxınlığında sərnişin mübadiləsi baş tutacaq. Bu isə tramvayla gələn sərnişinlərin səfərlərini dəmiryolu və ya metro ilə davam etdirməsinə imkan yaradacaq.
Şöbə müdiri qeyd edib ki, növbəti sərnişin mübadiləsi son dayanacaq kimi nəzərdə tutulan və Bakı şəhərinin əsas nəqliyyat mübadilə mərkəzi hesab olunan “28 May” ərazisində həyata keçiriləcək. Hesablamalara əsasən, bu dəhliz istifadəyə verildikdən sonra həmin istiqamətdə təxminən 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir.
“Mehdiabad–28 May” tramvay dəhlizi istifadəyə verildikdən sonra bu istiqamətdə gündəlik 20 mindən çox avtomobil səfərinin azalacağı gözlənilir. Tramvay, metro və dəmiryolu arasında yaradılacaq sərnişin mübadilə imkanları isə paytaxtda ictimai nəqliyyatın payını artıraraq daha rahat, sürətli və ekoloji cəhətdən dayanıqlı nəqliyyat modelinin formalaşmasına töhfə verəcək. Bu layihə Bakının nəqliyyat sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Gülnaz Abdullazadə
