İnternet xidmətlərinin və mobil tətbiqlərin geniş yayılması şəxsi məlumatların təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Vətəndaşların ad, soyad, telefon nömrəsi, bank məlumatları və digər fərdi bilgiləri müxtəlif platformalarda toplanır və saxlanılır. Bu məlumatların icazəsiz əldə edilməsi və yayılması şəxsi həyatın toxunulmazlığı ilə yanaşı, maliyyə təhlükəsizliyi üçün də ciddi risklər yaradır.
Bəs Azərbaycanda vətəndaşların şəxsi məlumatlarının internetdə qorunması hansı səviyyədədir? Şəxsi məlumatların internetdə sızmasının qarşısını almaq üçün şirkətlər və dövlət qurumları hansı təhlükəsizlik tədbirlərini görməlidir?Vətəndaşların şəxsi məlumatları qanunsuz şəkildə yayıldıqda onların hüquqları necə qorunur və zərərçəkənlər hara müraciət etməlidirlər?
Referans Media xəbər verir ki, mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında kibertəhlükəsizlik və süni intellekt idarəetməsi üzrə ekspert, Insight Advisory şirkətinin təsisçisi Tural Məmmədov bildirib ki, Azərbaycanda fərdi məlumatların qorunması sahəsində hüquqi və institusional mexanizmlər mövcuddur və son dövrdə bu istiqamətdə yeni addımlar atılır. Lakin informasiya təhlükəsizliyinin səviyyəsini yalnız qanunvericiliyin mövcudluğu və ya tətbiq edilən texnologiyalarla qiymətləndirmək düzgün olmaz.
Onun sözlərinə görə, əsas məsələ həmin tələblərin təşkilatlarda nə dərəcədə effektiv və davamlı tətbiq edilməsidir: “Bu gün dövlət xidmətlərinin rəqəmsallaşması, mobil tətbiqlərin genişlənməsi və süni intellekt texnologiyalarının tətbiqi fərdi məlumatların istifadəsini əhəmiyyətli dərəcədə artırır. Məlumatların sayı, onların emal olunduğu sistemlər və təşkilatlararası inteqrasiyalar artdıqca potensial risklər də genişlənir.
Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycanda dövlət informasiya sistemlərində formalaşan məlumatların özəl sektorla paylaşılması imkanlarının genişləndirilməsi və milli məlumat məkanının yaradılması istiqamətində təşəbbüslər də gündəmdədir. Bunlar rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm imkanlar yaradır. Lakin məlumatların əlçatanlığını artırdığımız qədər onların üzərində idarəetmə və təhlükəsizlik nəzarətini də gücləndirməliyik”.
T.Məmmdəovun fikrincə, növbəti mərhələdə əsas prioritet təkcə informasiya sistemlərinin qorunması deyil, məlumatların bütün həyat dövrü boyunca təhlükəsiz idarə edilməsi olmalıdır: “Şirkətlər və dövlət qurumları hansı təhlükəsizlik tədbirlərini görməlidir? İlk növbədə təşkilatlar hansı fərdi məlumatları topladıqlarını, bu məlumatların harada saxlanıldığını, kimlər tərəfindən istifadə edildiyini və hansı sistemlərlə paylaşıldığını dəqiq bilməlidirlər.
Burada üç istiqaməti xüsusilə vacib hesab edirəm.
Birincisi, Data Classification & Ownership – məlumatların həssaslıq səviyyəsinə görə təsnifləndirilməsi və onların idarə olunmasına görə konkret məsul şəxslərin müəyyən edilməsidir. Məlumatın sahibi və istifadəsinə görə məsuliyyət aydın deyilsə, onun effektiv mühafizəsini təmin etmək də çətinləşir.
İkincisi, Visibility & Continuous Monitoring – təşkilatın öz informasiya mühitində baş verən prosesləri davamlı izləyə bilməsidir. Məlumatlara icazəsiz çıxış, qeyri-adi istifadə halları və mümkün sızma əlamətləri vaxtında aşkarlanmalıdır.
Üçüncüsü, Process-Based Security yanaşmasıdır. Təhlükəsizliyi yalnız ayrı-ayrı serverlərin, tətbiqlərin və ya məlumat bazalarının mühafizəsi kimi qiymətləndirmək kifayət deyil. Fərdi məlumatın toplanılmasından üçüncü tərəflərlə paylaşılmasına və silinməsinə qədər bütün prosesin təhlükəsizliyi təmin edilməlidir”.
Ekspert əlavə edib ki, məlumatların şifrələnməsi, çoxfaktorlu autentifikasiya, minimum zəruri giriş hüquqları, müntəzəm təhlükəsizlik auditləri və insidentlərə operativ reaksiya mexanizmləri tətbiq edilməlidir: “Süni intellektin geniş tətbiqi isə yeni risklər yaradır. Təşkilatlar AI sistemlərinə hansı fərdi məlumatların ötürüldüyünə, onların xarici platformalarda necə emal olunduğuna və hansı məqsədlər üçün istifadə edildiyinə xüsusi nəzarət etməlidirlər. Əsas prinsip budur: təhlükəsizlik yalnız İT və ya kibertəhlükəsizlik bölməsinin deyil, təşkilat rəhbərliyinin də birbaşa məsuliyyəti olmalıdır.
Məlumatları qanunsuz yayılan vətəndaşlar hüquqlarını necə qoruya bilərlər?
Azərbaycanın “Fərdi məlumatlar haqqında” Qanunu vətəndaşlara özləri haqqında hansı məlumatların toplandığını, hansı məqsədlərlə istifadə edildiyini və kimlərə ötürüldüyünü öyrənmək hüququ verir. Vətəndaş məlumatlarını saxlayan təşkilata müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların düzəldilməsini, işlənilməsinin dayandırılmasını və ya silinməsini tələb edə bilər. Məlumatların qanunsuz toplanılması, işlənilməsi və ya mühafizəsinin təmin edilməməsi hallarında Milli Kibertəhlükəsizlik Agentliyinə şikayət etmək mümkündür. Vətəndaşlar həmçinin məhkəməyə müraciət edərək hüquqlarının müdafiəsini, dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edə bilərlər”.
T.Məmmədov vurğulayıb ki, məlumat sızması nəticəsində dələduzluq və ya digər cinayət əlamətləri yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir: “Bank məlumatları risk altındadırsa, dərhal müvafiq bankla əlaqə saxlanılması və zəruri təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir. Lakin burada bir məsələni də vurğulamaq istərdim: fərdi məlumatların qorunmasına görə bütün məsuliyyəti vətəndaşın üzərinə qoymaq düzgün deyil. İnsanlardan rəqəmsal savadlılıq və ehtiyatlı davranış gözlənildiyi kimi, onların məlumatlarını toplayan dövlət və özəl qurumlardan da yüksək təhlükəsizlik və hesabatlılıq tələb olunmalıdır.
Nəticə etibarilə, rəqəmsal transformasiyanın uğuru yalnız təqdim olunan elektron xidmətlərin sayı və rahatlığı ilə deyil, vətəndaşların həmin xidmətlərə nə dərəcədə etimad göstərməsi ilə də ölçülməlidir. Fərdi məlumatların qorunması bu etimadın əsas şərtlərindən biridir”.
