Seçenov Universitetinin alimləri koronavirusun insan orqanizminin toxumalarında illərlə qala bildiyini müəyyən ediblər.
Referans Media xəbər verir ki, tədqiqatçıların məlumatına görə, virus ağciyərlərin xroniki xəstəlikləri, ürək ritminin pozulması, ürək çatışmazlığı, həmçinin qaraciyər və mədə-bağırsaq traktının zədələnməsi ilə əlaqəli ola bilər.
Xüsusilə virusun endometriumda (uşaqlığın daxili qişasında) aşkar olunması böyük narahatlıq doğurur.
Mütəxəssislər bunun sonsuzluğun inkişafına şərait yarada biləcəyini ehtimal edirlər.
Alimlər həmçinin COVID-19 ilə onkoloji xəstəliklər arasındakı olası əlaqəni də araşdırırlar. Bəzi xəstələrdə şişlərin inkişafına və metastaz verməsinə təkan verən xərçəng kök hüceyrələrinin sayının artdığı müəyyən edilib.
Bununla belə, virusun orqanizmdə qalması ilə sözügedən fəsadlar arasında səbəb-nəticə əlaqəsi hələ ki yekun olaraq sübuta yetirilməyib və əlavə tədqiqatlara ehtiyac var./Musavat.com/
