image-eleyhqazbackend

Bakıda niyə əleyhqaz tapılmır? — AÇIQLAMA

Müasir dünyada hərbi münaqişələrin və raket təhdidlərinin artması fonunda, paytaxt Bakının mülki müdafiə potensialı yenidən gündəmin əsas mövzusuna çevrilib. Rəsmi qurumlar strateji dövlət obyektlərində və sığınacaqlarda mütəmadi olaraq inventar yeniləməsi aparsa da, geniş miqyaslı fövqəladə hallarda bu ehtiyatların paylanma mexanizmi müzakirə mövzusu olaraq qalır. Bir tərəfdən mülki müdafiə anbarlarındakı zəruri avadanlıqların həcmi, digər tərəfdən isə əhalinin bu vasitələrdən istifadə üzrə maarifləndirilmə səviyyəsi təhlükəsizlik tərəzisinin iki fərqli gözünü təşkil edir. Müharibə və raket yanacaqlarının yaratdığı ekoloji fəlakətlərdən bəhs etdiyimiz bir dövrdə, fərdi mühafizə vasitələrinə əlçatanlıq artıq sadəcə ehtiyat tədbiri deyil, strateji bir zərurətdir. Bakının bu imtahana nə dərəcədə tab gətirəcəyi isə həm mövcud resurslardan, həm də mülki şəxslərin hazırlıq səviyyəsindən asılıdır.

Bu barədə təhlükəsizlik üzrə ekspert Orxan Musa Demokrat.az-a açıqlama verib.

O bildirib ki, Bakıda bütün əhaliyə çatacaq qədər əleyhqaz və xüsusi qoruyucu geyim ehtiyatının olması real deyil:

“Dünyada da bu praktika tətbiq olunmur. Çünki əleyhqaz və kimyəvi qoruyucu geyimlər adətən hər bir vətəndaş üçün deyil, əsasən xüsusi xidmət orqanları və fövqəladə hallar qrupları üçün nəzərdə tutulur. Əksər ölkələrdə bu tip vasitələr ilk növbədə xilasedicilər, hərbçilər, həkim briqadaları və kimyəvi təhlükə ilə birbaşa işləyən şəxslər üçün saxlanılır. Mülki müdafiə sistemində isə əhalinin qorunması təkcə əleyhqaz paylanması ilə həll olunmur. Burada əsas məqsəd insanların təhlükəli zonadan vaxtında uzaqlaşdırılması, sığınacaqlardan istifadə və operativ xəbərdarlıq sistemlərinin işləməsidir. Böyük şəhərlərdə milyonlarla insan üçün fərdi qoruyucu vasitələrin saxlanılması həm logistika, həm də maliyyə baxımından olduqca çətin məsələdir. Üstəlik bu vasitələrin də istifadə müddəti var və müəyyən vaxtdan sonra yenilənməlidir. Bakıda da ehtiyatların əsas hissəsinin dövlət qurumlarının, xilasedici dəstələrin və strateji obyektlərin əməkdaşları üçün nəzərdə tutulduğu ehtimal olunur. Bu da fövqəladə vəziyyət zamanı ilkin müdaxiləni həyata keçirən qüvvələrin qorunmasını təmin etmək üçündür. Əhali üçün isə əsas təhlükəsizlik mexanizmi erkən xəbərdarlıq, evdə qalma rejimi, pəncərə və havalandırma sistemlərinin bağlanması kimi mülki müdafiə qaydalarına əməl etməkdir”.

O qeyd edib ki, son illərdə dünyada kimyəvi və radiasiya təhlükələri ilə bağlı risklər müzakirə olunsa da, belə hallarda bütün şəhər əhalisinə əleyhqaz paylanması praktik olaraq tətbiq edilmir:

“Daha çox kollektiv qorunma üsullarına üstünlük verilir. Buna görə də Bakıda da hər vətəndaş üçün hazır şəkildə əleyhqaz ehtiyatının olması real ssenari sayılmır. Əsas məsələ dövlət qurumlarının fövqəladə vəziyyət planlarının və mülki müdafiə sisteminin nə dərəcədə hazır vəziyyətdə olmasıdır. Bu baxımdan cəmiyyət üçün ən vacib sual əleyhqazın sayı deyil, fövqəladə vəziyyət zamanı əhalinin necə məlumatlandırılacağı və hansı təhlükəsizlik tədbirlərinin görüləcəyidir. Bu mexanizmlər düzgün işləyərsə, risklərin qarşısını almaq daha effektiv olur”.

Leyla Turan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki