ABŞ-İsrail ilə İran arasındakı gərginlik səbəbindən Hörmüz boğazında yük daşıyan gəmilərin hərəkəti çətinləşib. Bu vəziyyət dolayı yolla bəzi məhsulların Azərbaycana gəlməsinə də təsir göstərir. Hörmüzdən keçərək Körfəz limanları, xüsusilə Dubay və BƏƏ vasitəsilə Azərbaycana re-eksport edilən məhsullardan biri də avtomobil ehtiyat hissələridir.
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında fikirlərini bölüşüb.
Onun sözlərinə görə, yaranmış vəziyyət səbəbindən həmin ərazidən gətirilən avtomobil ehtiyat hissələrinin daşınma qiyməti yüksələ bilər və yaxud da ki, məhsulların gətirilməsi yubana bilər:
“Amma ümumilikdə, bu vəziyyət Azərbaycan avtomobil bazarında qiymətlərə mənfi təsir edə bilməz. Çünki Dubaydan gətirilən eyni marka avtomobil və ya ehtiyat hissələri Avropadan, Amerikadan, Yaponiyadan və digər müxtəlif ölkələrdən də idxal olunur. Ölkəmizin avtomobil bazarı yalnız bir ölkədən və yaxud da ki, bir marşrutdan asılı deyil. Ölkələr müxtəlif, marşrutlar da fərqlidir. İndi də transxəzər marşrutu var. Uzaq Şərqdən də avtomobillər daşınır. Ona görə bu məsələ bizim avtomobil bazarımızda ehtiyat hissələrinin və avtomobillərin qiymətinin kəskin yüksəlməsinə gətirib çıxarmayacaq”.























