87 yaşlı Xalq artisti Tariyel Qasımov uzun illər yaşadığı Bakıdan Ağstafaya köçərək hazırda rayon həyatını yaşayır. Tanınmış aktyor gündəlik məşğuliyyətindən, Bakıya gediş-gəlişindən, kino təkliflərindən və Qarabağa səfər arzusundan danışıb.
Tariyel Qasımov Musavat.com-a müsahibəsində bildirib ki, hazırda işləməsə də, günlərinin müəyyən hissəsini yaşıdları ilə keçirir.
– Tariyel bəy, ötən söhbətimizdə Qarabağa heç vaxt səfər etmədiyinizi demişdiniz. Bunun səbəbi nədir? Bildiyimizə görə, avtomobiliniz də var və özünüz idarə edirsiniz.
– Bəli, özüm sürürəm, avtomobilim də var. Amma ümumiyyətlə, tək getmək istəməmişəm. Birlikdə gedəcəyim yoldaş da olmayıb. Ona görə də indiyədək Qarabağda olmamışam. Amma Qarabağı gedib görənlərə həsəd aparıram.
– Bəs işğaldan əvvəl Qarabağa getmişdinizmi?
– Xeyr, işğaldan əvvəl də olmamışam, sonra da getməmişəm. Bizim teatr vaxtilə orada qastrollarda olub. Həmin vaxt mən Özbəkistanda filmə çəkilirdim. Ona görə teatrla birlikdə gedə bilmədim. Çox istərdim ki, Qarabağa gedim, oranı öz gözlərimlə görüm.
– Hazırda nə işlə məşğulsunuz? Bildiyimizə görə, Ağstafada yaşayırsınız.
– Bəli, Ağstafadayam. Heç bir işlə məşğul olmuram. Səhərlər Səməd Vurğun parkına gedirəm, orada yaşlı adamlarla nərd oynayırıq. Saat 10-da gedirik, günorta saat 2-nin yarısında evə qayıdırıq. Ondan sonra da evdə oluram.
– Əvvəllər tədbirlərdə iştirak etmək üçün tez-tez Bakıya gəlirdiniz. İndi necə, yolunuz paytaxta düşürmü?
– Demək olar ki, elə olur, bir həftədə üç dəfə məni televiziya verilişlərinə dəvət edirlər. Verilişə çağıranda gəlirəm. Bəzən hansısa görüşə dəvət edirlər, ona da qatılıram. Yəni çağıran kimi gəlirəm. Amma özümün Bakıda elə-belə işim olmur. Bakıda evim də var, gələndə orada qalıram, sonra yenidən Ağstafaya qayıdıram.
– Kino çəkilişlərinə dəvət alırsınızmı?
– Kinoya dəvət etsələr, niyə çəkilməyim? Əlbəttə, çəkilərəm.
– Son vaxtlar hansısa layihədə iştirak etmisinizmi?
– Bu yaxınlarda, daha doğrusu, beş-altı ay əvvəl “Xosrov və Şirin” layihəsinə dəvət aldım. Orada baş rollardan birini oynadım.
– Bu, film idi, yoxsa serial?
– Serial idi, böyük layihədir. Orada çəkilmişəm, baş rollardan birini ifa edirəm.
– Tariyel bəy, söhbətə görə təşəkkür edirik.
– Mən də sizə minnətdaram. Çox sağ olun ki, yada salırsınız. Allah razı olsun!
