İngiltərədə “meningokok” infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub. Belə ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin məlumatına görə, Kent bölgəsində, xüsusilə Kenterberi (Canterbury) ətrafında 34 yoluxma halı qeydə alınıb. Daha sonra aparılan laborator yoxlamalar nəticəsində bu rəqəm dəqiqləşdirilərək 23 təsdiqlənmiş hala qədər azaldılıb.
Bununla belə, mütəxəssislər qeyd edir ki, meningokok infeksiyası nadir rast gəlinməsinə baxmayaraq, son dərəcə təhlükəli xəstəliklər sırasına daxildir və qısa müddətdə ağır nəticələrə səbəb ola bilər. Xəstəlik əsasən beyin qişalarının iltihabı (meningit) və qanın zəhərlənməsi (sepsis) ilə müşayiət olunur. Yoluxma baş verdikdən sonra simptomlar sürətlə inkişaf edir, yüksək hərarət, güclü baş ağrısı, boyun sərtliyi, şüur bulanıqlığı, qusma və dəridə qan sızması ilə bağlı səpgilər müşahidə oluna bilər. Ağır hallarda infeksiya qana yayılaraq orqanların fəaliyyətini pozur və həyati risk yaradır.
Bəs “meningokok” infeksiyası ilə bağlı İngiltərədə yayılan bu xəbərlər real epidemioloji təhlükənin başlanğıcıdırmı?
Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb.
Mütəxəssis qeyd edib ki, “meningokok” bakteriyaları olduqca təhlükəli mikroorqanizmlər hesab olunur və onların təhlükəliliyi əsasən beyin qişalarının iltihabına səbəb olması ilə bağlıdır:
“Bu isə bizim meningit kimi tanıdığımız ağır xəstəliyin yaranmasına gətirib çıxarır. Məlumdur ki, meningit həyati təhlükəsi yüksək olan xəstəliklərdən biridir.
Xəstəlik adətən hərarət və yüksək qızdırma ilə başlayır. Bununla yanaşı, güclü baş ağrıları, boyun nahiyəsində rigidlik (gərginlik) müşahidə olunur. Daha sonra isə xəstənin davranışında və şüurunda dəyişikliklər baş verir. Xəstəlik getdikcə dərinləşir və vaxtında diaqnoz qoyulmasa, müalicəyə başlanmasa, bu hal xəstə üçün ciddi həyati təhlükəyə çevrilir.
Ümumiyyətlə, “meningokok” infeksiyasının kütləvi yayılması mümkündürmü sualı aktuallıq daşıyır. Qeyd olunur ki, Böyük Britaniyada artıq bir neçə belə hal qeydə alınıb. Lakin qeyd etmək lazımdır ki, “meningokok” bakteriyaları, əslində, hər zaman mövcud olub. Bu bakteriyalar normal hallarda da insanların burun-udlaq sistemində yaşaya bilir.
Bəs niyə bu bakteriyalar mövcud olduğu halda hər kəs yoluxmur və ya hər dəfə meningit kimi ağır xəstəlik yaranmır?
Bunun əsas səbəbi orqanizmin müdafiə potensialının güclü olmasıdır. Tənəffüs sistemində yerləşən immun mexanizmlər infeksiyaları zərərsizləşdirərək onların xəstəlik törətməsinin qarşısını alır.
İnfeksiyaya yoluxma əsasən o zaman baş verir ki, orqanizmin müdafiə sistemi zəifləyir. Digər mühüm amil isə bakteriyanın virulentliyinin, yəni xəstəlik törətmə qabiliyyətinin dəyişməsidir. Virulentliyin artması bakteriyanın orqanizmin təbii baryerlərini daha asan keçməsinə səbəb olur. Bu zaman bakteriya müdafiə mexanizmlərini aşaraq yoluxma yarada bilir və infeksiyanın yayılma riski artır.
Hazırda Böyük Britaniyada müşahidə olunan halların səbəbi də müxtəlif ehtimallarla izah edilir: bu, insanların immunitetinin zəifləməsi ilə bağlı ola bilər, təsadüfi artım ola bilər və ya bakteriyanın mutasiyaya uğrayaraq daha təhlükəli forma qazanması ilə əlaqəli ola bilər. Belə dəyişikliklər bakteriyanın insan orqanizminin təbii müdafiə baryerlərini daha asan keçməsinə şərait yarada bilər.
Hər halda, bizdən asılı olan əsas məsələ vəziyyəti dinamik və diqqətli şəkildə izləməkdir”.
Mütəxəssis qeyd edib ki, ilk növbədə orqanizmin müdafiə qabiliyyətinin gücləndirilməsi vacibdir:
“Bunun üçün təmiz havada olmaq, fiziki aktivlik, vitaminlərlə zəngin qidalanma, gigiyena qaydalarına ciddi əməl etmək böyük əhəmiyyət daşıyır. COVID-19 pandemiyası dövründə qazandığımız gigiyena vərdişlərindən də aktiv şəkildə istifadə edilməlidir.
Bununla yanaşı, elmi tədqiqat mərkəzləri və tibb müəssisələrinin üzərinə də mühüm vəzifə düşür. Yeni bakteriya ştammlarının araşdırılması, onların xüsusiyyətlərinin öyrənilməsi və lazım gəldikdə yeni müalicə üsullarının hazırlanması vacibdir. Çünki mümkündür ki, bakteriyanın xüsusiyyətləri dəyişmiş olsun və bu da yeni preparatlara ehtiyac yaratsın.
Ümid edilir ki, bu problem qlobal təhlükəyə çevrilməz. Lakin hər bir halda cəmiyyətin məlumatlı olması və profilaktik tədbirlərə əməl etməsi belə risklərin qarşısını almaqda əsas rol oynayır”.























