DİQQƏT! Yas mərasimləri ilə bağlı qaydalar dəyişir – İki məscidə işarə backend

DİQQƏT! Yas mərasimləri ilə bağlı qaydalar dəyişir – İki məscidə işarə 

  Artıq bəzi bölgələrdə yas mərasimlərində ehsan ənənəsi ləğv edilir. Bu qərar həm dini, həm də sosial-iqtisadi səbəblərlə əlaqələndirilir. Uzun illərdir davam edən adət bir çox ailə üçün maddi yükə çevrilsə də, dəyişiklik etmək asan olmayıb. İndi isə cəmiyyətin bir qismi ehsanlarda israfçılığa qarşı mübarizəyə dəstək verir.

“Ehsan mafiyası” bu sahədə islahatlar həyata keçirməyə imkan verəcəkmi?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa deyib ki, bəzən öz xeyrimizə olan, vəziyyəti sadələşdirən qərarları qəbul etməkdə çətinlik çəkirik:

“Əslində, insanlar vəziyyətin mənasız olduğunu anlayırlar, amma çıxış yolu tapa bilmirlər. Söhbət sadə bir məsələdən gedir. Belə ki, 10-15 nəfər yığışır və nəyin xeyir, nəyin ziyan olduğunu müzakirə edir. Aydın olur ki, ehsan ziyanlı bir addımdır. Ona görə də belə bir qərarın verilməsi həm gözləniləndir, həm də təqdirəlayiqdir. İstər hansısa rayonda olsun, istərsə də kənddə – fərq etmir, gec-tez bu yola gedilməlidir. Çünki insanlar özlərini mənasız sıxıntıların içində tapırlar. “Ehsan” anlayışı isə təəssüf ki, tamamilə yemək-içməyə, pul xərcləməyə və israfçılığa çevrilib. Yanlış yanaşmadan xilas olmaq lazımdır”.

Deputat Razi Nurullayev hesab edir ki, ehsanların qarşısının alınması üçün ilk növbədə Təzəpir və Heydər məscidlərinin mərasim zallarında ehsan verilməsi dayandırılmalıdır:

“Nə qədər ki, burada ehsan verilir, insanlara bu tələbi qoymaq mümkün deyil. Azərbaycanda toy və yas mərasimləri qədim bir ənənədir. Bu, bizə ata-babalarımızdan miras qalıb və davam edir. Təəssüf ki, həm toy, həm də yas mərasimləri artıq adət-ənənə çərçivəsindən çıxaraq o həddə çatıb ki, insanlar da, dövlət də narahat olmağa başlayıb. İndi bir çox yerlərdə yas mərasimlərində yemək verilməsi dayandırılıb. Mənim deputat olduğum İmişli rayonunda artıq bu, bir çox kəndlərdə ənənəyə çevrilib. Mən də əlimdən gələni etdim. Bilirəm ki, Saatlıda, Bakının bəzi yerlərində də ehsan verilmir. Amma ümumilikdə məsələnin bütün ölkə üzrə tətbiqi üçün nümunəni rəhbər şəxslər göstərməlidir.

Əgər vəzifəli şəxslər və imkanlı insanlar öz yaslarında ehsan verməsələr, sadə məclislərlə kifayətlənsələr və əvəzində bir kasıba kömək etsələr, xeyirxah iş görsələr, bu, cəmiyyət üçün gözəl nümunə olar. Dediyim kimi, Azərbaycanda yas mərasimlərinə dair qayda-qanunların yaradılması, ehsanların yalnız çay süfrəsi ilə məhdudlaşdırılması üçün proses məhz Təzəpir və Heydər Əliyev məscidlərindən başlamalıdır. Nə qədər ki, orada ehsan verilir, heç kimə bunu qadağan etmək olmaz. Ona görə də ilk növbədə qayda-qanun həmin məkanlardan başlamalıdır. Bundan sonra isə bu sistemi ölkənin hər yerində – həm inzibati, həm də maarifləndirmə yolu ilə tətbiq etmək mümkün olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki