Rusiyada Dövlət Duması deputatlarının bank hesablarında saxladıqları milyardlarla rubl diqqət mərkəzinə düşüb. Məlum olub ki, parlamentarilərin ümumi əmanətləri ölkənin altı regionunun illik büdcəsindən daha çoxdur. Üstəlik, bu sərvətin təxminən 40 faizi cəmi bir deputata məxsusdur.
Referans Media xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti deputatların əmlak və gəlir bəyannamələrini araşdıraraq məlumat yayıb.
Nəşrin hesablamalarına görə, Dövlət Dumasının yeni çağırış deputatlarının bank hesablarında ümumilikdə 44,4 milyard rubl vəsait bəyan edilib.
Bu məbləğ Rusiya Federasiyasının Altay, İnquşetiya, Kalmıkiya və Qaraçay-Çərkəz respublikalarının, eləcə də Yəhudi Muxtar Vilayəti və Nenets Muxtar Dairəsinin hər birinin illik büdcəsindən çoxdur. Həmin altı regionun ümumi əhalisi təxminən 1,7 milyon nəfərdir.
Ən diqqətçəkən məqam isə deputatların bank hesablarındakı pulların böyük hissəsinin azsaylı şəxslərin əlində cəmlənməsidir.
Belə ki, bütün əmanətlərin təxminən 40 faizi “Novatek” şirkətinin direktorlar şurasının keçmiş sədri Leonid Simanovskiyə məxsusdur. Onun bank hesablarında 17,5 milyard rubl göstərilib.
İkinci yerdə Rusiyanın keçmiş nəqliyyat naziri Vitali Savelyev qərarlaşıb. O, bank hesablarında 5,1 milyard rubl vəsait bəyan edib.
“Rosneft” rəhbəri İqor Seçinin keçmiş müşaviri Gennadi Bukayevin bank hesablarında isə 4,5 milyard rubl olduğu üzə çıxıb.
Ümumilikdə deputatların bəyan etdikləri bank əmanətlərinin təxminən 65 faizi cəmi 10 parlamentarinin payına düşür.
Gəlir göstəricilərinə görə də Leonid Simanovski birinci yerdədir. Onun bəyan edilmiş gəliri 5,96 milyard rubl təşkil edib. Sonrakı yerlərdə 2,43 milyard rublla Qriqori Anikeyev və 2,14 milyard rublla Mixail Boqatov gəlirlər.
Boqatov daha bir göstərici ilə fərqlənib. Deputat öz bəyannaməsində 157 nəqliyyat vasitəsi göstərib. “Vedomosti”nin məlumatına görə, bu, Dövlət Dumasının deputatları arasında ən böyük avtomobil parkıdır.
Beləliklə, açıqlanan bəyannamələr Rusiya parlamentində böyük sərvət sahiblərinin ciddi şəkildə təmsil olunduğunu göstərir. Xüsusilə deputatların bank hesablarında cəmlənmiş vəsaitlərin ayrı-ayrı regionların illik büdcələrini üstələməsi diqqət çəkir.
