backend

Elektrik xərclərini artıran gizli istehlakçılar – Bunu mütləq edin

Söndürülmüş hesab edilən bəzi elektron cihazlar əslində elektrik şəbəkəsindən ayrılmadığı üçün enerji sərfiyyatını davam etdirir. Mütəxəssislər bildirib ki, bu cür “gizli istehlak” zamanla ev büdcəsinə ciddi təsir göstərir və elektrik xərclərinin artmasına səbəb olur.

 

Referans Media  xəbər verir ki, enerji səmərəliliyi üzrə aparılan araşdırmalara əsasən, bir evdə ümumi elektrik enerjisi sərfiyyatının təxminən 5-10 faizi aktiv istifadə olunmayan, lakin “rozetka”ya (elektrik bağlayıcısına) qoşulu qalan cihazların payına düşür. Elektrik qiymətlərinin artdığı indiki dövrdə bu amil daha da aktuallaşıb.

Televiziyalar pult vasitəsilə söndürüldükdə tamamilə enerjisiz qalmır, “gözləmə rejimi”nə keçir. Bu zaman televiziya, peyk qəbuledicisi, rəqəmsal yayım qurğuları və TV əlavələri elektrik enerjisi sərf etməyə davam edir. Mütəxəssislərin hesablamalarına görə, bu tip qurğular birlikdə saatda 5-10 vatt enerji istehlak edə bilir. Gün ərzində “rozetka”ya bağlı qalan sistem ay sonunda nəzərəçarpacaq sərfiyyat yaradır.

Telefon, planşet və noutbuk üçün nəzərdə tutulmuş elektrik cihazları (adapterlər) cihaza qoşulu olmasa belə “rozetka”da qaldıqda enerji sərf edir. Tək bir adapterin istehlakı az görünsə də, evdə bir neçə belə qurğunun olması ümumi elektrik yükünü artırır. Bundan əlavə, uzun müddət “rozetka”da qalan adapterlərin qızması təhlükəsizlik riski də yarada bilər.

Mikrodalğalı sobalar, elektrik sobaları və bəzi qəhvə aparatları üzərində yerləşən rəqəmsal saat və ekranlar səbəbindən söndürülmüş vəziyyətdə də enerji sərf edir. Mütəxəssislər bu cür cihazları mətbəxdə “səssiz enerji istehlakçıları” adlandırır və onların çox vaxt diqqətdən kənarda qaldığını bildiriblər.

Ev internetinin fasiləsiz işləməsi modemlərin və digər şəbəkə qurğularının sutka ərzində 24 saat aktiv qalması deməkdir. Aktiv istifadə olmasa belə, modemlər daimi elektrik enerjisi sərf edir. Bu da aylıq və illik elektrik xərclərində nəzərəçarpacaq paya malik olur. Uzun müddət evdə olmadıqda və ya internetdən istifadə edilmədikdə modemlərin “rozetka”dan çıxarılması tövsiyə olunur.

Enerji üzrə mütəxəssislər istifadə olunmayan elektrik cihazlarının rozetkadan çıxarılmasını və ya açarlı “rozetka”lardan istifadə edilməsini məsləhət görüblər. Bu sadə vərdiş həm elektrik xərclərini azaldır, həm də cihazların istismar müddətini uzadır.

Qeyd olunub ki, gizli enerji istehlakının qarşısının alınması xüsusilə qış aylarında artan xərclər fonunda ev büdcəsinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki