“Samsung” “Display CES 2026” sərgisində qatlanan smartfonlar üçün inqilabi hesab edilən yeni ekran texnologiyasını nümayiş etdirib. Şirkətin təqdim etdiyi yeni OLED panel qatlanan telefonların illərdir davam edən əsas problemi, yəni ekranın ortasında yaranan qırışıqlığı və izi demək olar ki, tamamilə aradan qaldırıb.
Referans Media xarici mediaya istinadən xəbər verir ki, sərgidə yeni panel mövcud “Galaxy Z Fold 7” modeli ilə yanaşı nümayiş olunub.
Ziyarətçilər bu iki ekran arasındakı fərqi birbaşa müqayisə etmək imkanı əldə ediblər. Tam açıldıqda planşet kimi tam düz görünən yeni ekranda qatlanma izi adi baxış zamanı nəzərə çarpmır, yalnız müəyyən işıq bucaqlarında çox zəif şəkildə hiss olunur.
Məlumatlara əsasən, yeni texnologiyada gərginliyin bərabər paylanması və qırışıqlığın minimuma endirilməsi üçün OLED qatının altında lazerlə deşilmiş xüsusi metal lövhədən istifadə olunur. Bu texniki həll ekranın qatlandığı nöqtədə təzyiqi azaldaraq daha hamar səth əldə edilməsinə imkan verir.
Sənaye mənbələri bu panelin 2026-cı ilin ortalarında təqdim olunması gözlənilən “Galaxy Z Fold 8” modelində istifadə ediləcəyini istisna etmir. Hətta bəzi iddialara görə, bu texnologiya 2026-cı ilin sonunda ilk qatlanan cihazını təqdim edəcəyi gözlənilən “Apple” üçün aparılan tədqiqatların bir hissəsi ola bilər.
Ekspertlərin fikrincə, bu texnologiya kütləvi istehsala keçərsə, qatlanan smartfonlar artıq “bükülən cihaz” hissiyatından uzaqlaşaraq ənənəvi planşet təcrübəsinə çox daha yaxın bir istifadə komfortu təqdim edəcək.sfera.az

























