image-v6backend

2026 oyun dünyasının ili olacaq: HAZIR OLUN

Oyun sənayesi artıq indidən 2026-cı ilə fokuslanıb. Bir çox iri büdcəli layihə həm inkişaf prosesi, həm də sızan məlumatlarla oyunçuların gözləntilərini zirvəyə daşıyır. Açıq dünya təcrübələrindən tutmuş hekayə yönümlü layihələrədək geniş spektrdə elan olunan oyunlar yeni nəsil konsolların imkanlarından maksimum istifadə etməyi hədəfləyir. 2026-cı ildə çıxması gözlənilən və artıq böyük maraq doğuran oyunları təqdim edirik.

Referans Media xəbər verir ki, 2026-cı il oyun sektoru üçün əsl dönüş nöqtəsi olmağa namizəddir. Uzun müddətdir gözlənilən davam oyunları və tamamilə yeni layihələr oyunçuların gündəmindən düşmür. Tərtibatçı studiyaların açıqlamaları və sənaye kulislərindən gələn məlumatlar qarşıdakı ilin olduqca dinamik keçəcəyini göstərir.

Grand Theft Auto VI

Rockstar Games-in əfsanəvi seriyasının yeni oyunu GTA 6 2026-cı ilin ən çox müzakirə olunan layihələrindən biri olacaq.

Vice City temalı xəritə, iki əsas personajlı struktur və inkişaf etdirilmiş süni intellekt mexanikaları ilə seriyada yeni mərhələ açacağı gözlənilir. Əvvəlki oyunlarla müqayisədə daha canlı və dinamik olacağı bildirilir. Oyunun 19 noyabr tarixində satışa çıxacağı gözlənilir.

The Witcher 4

CD Projekt Red “The Witcher” kainatını yeni əsas hekayə ilə genişləndirməyə hazırlaşır. Unreal Engine 5 ilə hazırlanan oyun həm vizual keyfiyyət, həm də oynanış dərinliyi baxımından böyük gözləntilər yaradır. Geralt sonrası dövrü əhatə edəcək layihənin seriyanı daha qaranlıq tona aparacağı ehtimal olunur.

The Elder Scrolls VI

Bethesda-nın illərdir gözlənilən layihəsi The Elder Scrolls VI, “Skyrim”dən sonra seriyanın ən iddialı oyunu olmağa namizəddir. Geniş açıq dünya, dərin rol oyunu elementləri və yeni nəsil qrafik texnologiyaları ilə 2026-cı ilə damğa vuracağı proqnozlaşdırılır.

Paralives

Müstəqil tərtibatçı komanda tərəfindən uzun müddətdir üzərində işlənən Paralives həyat simulyasiyası janrına yeni nəfəs gətirməyi hədəfləyir. “The Sims”ə alternativ kimi təqdim olunan oyun detallı personaj və ev dizaynı sistemləri ilə seçilir. Daha sərbəst oynanış, icma yönümlü inkişaf prosesi və sadə vizual üslubu ilə simulyasiya həvəskarlarının 2026-cı ildə ən çox gözlədiyi layihələrdən biridir.

OD (Overdose)

Hideo Kojimanın imzasını daşıyan OD psixoloji qorxu janrında eksperimental layihə kimi təqdim olunur. Sinematik anlatımı və oyunçunu narahat etməyə yönəlmiş atmosferi ilə klassik qorxu oyunlarından fərqlənəcəyi gözlənilir. Layihə barədə məhdud məlumatlar belə marağı artırmağa kifayət edir.

Mass Effect 5

BioWare-in kult elmi-fantastik seriyası Mass Effect yeni oyunla geri qayıtmağa hazırlaşır. Hekayə detalları hələ açıqlanmasa da, əvvəlki oyunlarla əlaqəli süjet təqdim edəcəyi bildirilir. Kosmos teması, dərin personaj münasibətləri və seçim əsaslı irəliləyişi ilə 2026-cı ilin ən iddialı RPG-lərindən biri ola bilər.

Intergalactic: The Heretic Prophet

“The Last of Us” seriyası ilə tanınan Naughty Dog studiyasının hazırladığı bu yeni IP, şirkətin ilk kosmos temalı layihəsi olacaq. Hekayə yönümlü və sinematik anlatımı ilə ön plana çıxması gözlənilən oyun insanlıq, inanc və tənhalıq mövzularını mərkəzə ala bilər. Oynanış detalları məhdud olsa da, studiyanın güclü hekayəçilik təcrübəsi gözləntiləri yüksəldir.

Marvel’s Wolverine

Insomniac Games tərəfindən hazırlanan Marvel’s Wolverine daha sərt və yetkin mövzulu superqəhrəman təcrübəsi təqdim etməyi hədəfləyir. Hekayə anlatımı və yaxın döyüş mexanikaları ilə seçilməsi gözlənilən oyun Marvel pərəstişkarlarının diqqət mərkəzindədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki