Gənclər arasında insult (beyinə qan sızma) hallarının son illərdə artması həkimlər və səhiyyə mütəxəssisləri tərəfindən ciddi narahatlıqla qarşılanır.
Əvvəllər daha çox yaşlı insanlarda rast gəlinən bu xəstəliyin artıq gənc yaşlarda da müşahidə olunması həyat tərzi, gündəlik vərdişlər və sosial-psixoloji faktorlarla bağlı müzakirələri aktuallaşdırır.
Maraqlıdır, gənclər arasında insult hallarının artmasının əsas səbəbləri nələrdir? Gənclərdə insult riskini artıran həyat tərzi faktorları hansılardır? Stress və sosial media istifadəsi bu riskə necə təsir edir?
Suallarımızı cavablandıran nevroloq Röyanə Quluzadə Sfera.az-a açıqlamasında bildirib ki, son illərdə insult yalnız yaşlı əhali üçün xarakterik xəstəlik olmaqdan çıxaraq, gənclər arasında da daha çox müşahidə olunmağa başlayıb. Onun sözlərinə görə, xüsusilə 20-45 yaş arası fərdlərdə insult hallarının artması həm tibbi, həm də sosial baxımdan ciddi narahatlıq doğurur:
“İnsult beyinə gedən qan axınının qəfil pozulması nəticəsində yaranan nevroloji vəziyyətdir. İki əsas forması var: İşemik insult – damarların tutulması nəticəsində, Hemoragik insult – damar divarının partlaması və beyinə qan sızması. Hər iki halda beyin hüceyrələri oksigensiz qalır və qısa müddətdə zədələnir”.
Nevroloq qeyd edib ki, gənc yaşlarda insult hallarının artması bir neçə amilin paralel təsiri ilə bağlıdır:
“1. Arterial hipertenziyanın erkən yaşlarda yayılması: Gənclərdə çox vaxt simptomsuz gedir və təsadüfi aşkar olunur. Nəzarətsiz qaldıqda damar divarını zəiflədir.
2. Metabolik pozuntular: Piylənmə, insulin rezistentliyi və tip 2 diabet artıq gənclərdə daha tez-tez rast gəlinir.
3. Dislipidemiya: Xolesterin və trigliserid səviyyələrinin yüksək olması damarların erkən aterosklerozuna səbəb olur.
4. Siqaret və digər zərərli vərdişlər: Nikotin damarların daralmasına və qan laxtalanmasının artmasına gətirib çıxarır. Elektron siqaretlər də təhlükəsiz deyil.
5. Narkotik maddələr: Kokain və amfetaminlər kimi stimulyatorlar kəskin damar spazmı və hemorragik insult riski yaradır.
6. Genetik və autoimmun faktorlar: Trombofiliya, vaskulitlər və bəzi irsi xəstəliklər gənc yaşda insult riskini artırır.
7. Diaqnostikanın inkişafı MRT və digər müasir üsullar sayəsində əvvəllər aşkar edilməyən insult halları indi daha tez müəyyən edilir”.
R. Quluzadə həyat tərzi faktorlarının insulta təsir etdiyini əlavə edib:
“Müasir həyat tərzi gənclərdə insult riskini əhəmiyyətli dərəcədə artırır. Sedentar həyat tərzi (hərəkətsizlik), uzunmüddətli ekran istifadəsi, yüksək kalorili və qeyri-sağlam qidalanma, yuxu rejiminin pozulması, enerji içkilərinin həddindən artıq istifadəsi və xroniki susuzluq bu risk faktorlarına daxildir. Bu faktorlar qan təzyiqinin yüksəlməsinə, damar elastikliyinin azalmasına və laxtalanma riskinin artmasına səbəb olur. Stress və sosial medianın insult riskinə təsiri də mühüm amillərdəndir. Xroniki stress zamanı kortizol səviyyəsi yüksəlir, bu isə arterial təzyiqin artmasına, ürək-damar sisteminə əlavə yük düşməsinə və damar divarının zədələnməsinə səbəb olur. Sosial media və rəqəmsal həyat tərzi isə gecə saatlarında aktivlik nəticəsində yuxu keyfiyyətini azaldır, psixoloji gərginlik və narahatlıq yaradır, hərəkətsizliyi artırır və dopamin balansının pozulmasına gətirib çıxarır. Bu faktorlar dolayısı ilə hipertoniya, aritmiyalar və metabolik pozuntuların inkişafına şərait yaradır”.
Müsahibimiz vurğulayıb ki, gənclər üçün profilaktik yanaşmaya gəldikdə isə, insult riskini azaltmaq üçün bir sıra tədbirlər vacibdir:
“Qan təzyiqinin müntəzəm ölçülməsi, sağlam qidalanma və bədən çəkisinin nəzarətdə saxlanılması, fiziki aktivliyin artırılması (gündə ən az 30 dəqiqə), siqaret və zərərli maddələrdən uzaq durmaq, keyfiyyətli yuxu (7-8 saat), stressin idarə olunması və vaxtaşırı tibbi müayinələr daxildir. Nəticə olaraq, gənclər arasında insult hallarının artması təsadüfi deyil, bu, müasir həyat tərzi və erkən yaşda yaranan damar risk faktorlarının nəticəsidir. Erkən profilaktika və maarifləndirmə bu tendensiyanın qarşısını almaqda əsas rol oynayır”.























