Şagirdlərin dərs materialını məktəbdə mənimsəmə səviyyəsinin artırılması və repetitorluq fəaliyyətinin geniş yayılması son illər təhsil gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə, eyni müəllimlərin həm məktəbdə, həm də məktəbdən kənarda ödənişli hazırlıq keçməsi birmənalı qarşılanmır.
Bəs repetitorluğun məhdudlaşdırılması və ya ləğvi mümkündürmü və bu halda müəllimlərin məktəbdən uzaqlaşdırılması realdırmı?
Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda şagirdlərin dərs materiallarını birbaşa məktəbdə daha effektiv mənimsəməsi üçün Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən addımlar atılır.
“Qarşıdakı dövrdə müəllimlərin bir hissəsinin tam ştatlı iş rejiminə keçirilməsi və vahid islahat xarakterli qrafik üzrə fəaliyyət göstərməsi planlaşdırılır. Bu çərçivədə müəllimlər dərsdən sonra nəticəsi zəif olan, eləcə də ali və ya ümumi orta təhsil pilləsinə hazırlaşan şagirdlərlə əlavə məşğələlər apararaq onların bilik və bacarıqlarını gücləndirəcəklər.
Bu yanaşma repetitorluğa ehtiyacı müəyyən qədər azalda bilər. Əgər hər hansı müəllim təqdim olunan vahid iş qrafiki ilə razılaşmasa və paralel şəkildə repetitor fəaliyyəti göstərməkdə davam etsə, bu onun təhsil müəssisəsində fəaliyyətini davam etdirməsini çətinləşdirəcək.
Belə müəllimlər faktiki olaraq nazirliyin müəyyən etdiyi iş rejimindən kənara çıxmış olurlar və bu halda onların məktəbdən uzaqlaşdırılması gündəmə gələcək”.
Bununla belə, Elçin Əfəndi repetitorluğun tamamilə qadağan edilməsinin real olmadığını düşünür. Onun fikrincə, bu sahə qanunvericiliklə daha aydın şəkildə tənzimlənməlidir:
“Müəllim məktəbdən ayrılsa belə, repetitor fəaliyyəti göstərə bilər. Amma əsas məsələ bu fəaliyyətin hüquqi və vergi baxımından tənzimlənməsidir. Onlar vergi ödəyicisidirlərmi, fəaliyyətləri necə qeydiyyata alınır – bütün bunlar qanunvericilikdə dəqiq əksini tapmalıdır”.
Ekspert əlavə edib ki, mövcud reallıqda repetitorluq daha yüksək gəlir vəd etdiyindən bir çox müəllim bu istiqamətə üstünlük verir:
“Məktəbdə müəllim maksimum 2000 manat əməkhaqqı alırsa, repetitor fəaliyyəti ilə aylıq 8-10 min manat gəlir əldə edə bilər. Təbii ki, bu halda seçim çox vaxt repetitorluqdan yana olur. Bu isə nəticə etibarilə məktəblərdə kadr çatışmazlığına gətirib çıxaracaq”.
Sonda ekspert vurğulayıb ki, problemin həlli üçün həm təhsil sistemində struktur dəyişiklikləri aparılmalı, həm də repetitorluq fəaliyyəti hüquqi çərçivəyə salınmalıdır.























