2026-cı il sentyabrın 1-dən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edən yeni əməkhaqqı islahatı və tənzimləmə mexanizmi tətbiq olunub.
Yeni qaydaya əsasən həkimlərin stimullaşdırıcı ödənişləri artıq pasiyent məmnunluğundan da asılı olacaq.
Pasiyent məmnuniyyəti necə öyrəniləcək və bununla bağlı mexanizm varmı?
Məsələ ilə bağlı TƏBİB-dən Referans Media-ya bildirilib ki, “Səhiyyə işçilərinə işin nəticələrinə görə verilən aylıq həvəsləndirici əlavələrin hesablanması Qaydası”na əsasən, ambulator baxış, endoskopiya, rentgenoqrafiya, mammoqrafiya, flüoroqrafiya, biopsiya, USM, EEQ, EMQ, EXO və EKQ) icra edən həkimlərə hər ay müəyyən edilmiş məbləğdə həvəsləndirici əlavə müəyyən edilir:
“Bu məbləğ həkim üzrə həmin ay göstərilən xidmətlərin sayına əsasən pilləli cədvəl üzrə hesablanır “Lakin yekun əlavə bu sabit rəqəmlə məhdudlaşmır: Qaydaya əsasən sabit məbləğə, pasiyentlərin məmnuniyyət qiymətləndirmələrinə söykənən bir əmsal da tətbiq olunur və yekun əlavə bu iki kəmiyyətin hasili kimi formalaşır (Əlavə = Sabit məbləğ × Məmnuniyyət əmsalı).
Məmnuniyyət əmsalının formalaşması Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən aparılan ekspertizadan əvvəl hər bir həkim üzrə aylıq toplanan pasiyent qiymətləndirmələri əsasında həyata keçiriləcək:
Hər qiymətləndirmə 1-dən 5-dək bal şkalası üzrə pasiyent tərəfindən mygov vasitəsilə verilir və konkret bir həkimə aid edilir. Təqvim ayının sonunda həmin ay ərzində müvafiq həkim üzrə toplanmış bütün qiymətləndirmələrin sadə ortalaması hesablanır, yəni bütün balların cəmi qiymətləndirmələrin sayına bölünür. Bu nəticə xam bal adlandırılır və növbəti mərhələdə yuvarlaqlaşdırılaraq əmsalın müəyyən edilməsi üçün istifadə olunur”.
Yuvarlaqlaşdırılmış aylıq ortalama bal əsasında, məmnuniyyət balına müvafiq olaraq 0,80–1,20 aralığında məmnuniyyət əmsalı müəyyən edilir:
“Bununla belə, 0,80–1,20 aralığında əmsalın tətbiq oluna bilməsi üçün mühüm bir şərt mövcuddur: həkim üzrə həmin ay toplanmış qiymətləndirmələrin sayı, onun eyni ay ərzində göstərdiyi müvafiq tibbi xidmətlərin faktiki sayının 15 faizindən az olmamalıdır. Əgər toplanmış qiymətləndirmələrin sayı bu 15 faizlik həddə çatmırsa, qeyd olunan əmsallar tətbiq edilmir və onun əvəzinə aşağıdakı, fərqli 1,00 – 0,80 aralığında əmsallardan istifadə olunur”.
