İcbari tibbi sığorta ilə müraciət zamanı əlavə ödəniş tələbi, bürokratik əngəllər və xidmət keyfiyyəti ilə bağlı səsləndirilən narazılıqlar aktuallığını qoruyur.
Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki ümumilikdə sistem və portal üzərindən proseslərin icrasında ciddi problem yoxdur. Onun sözlərinə görə, kart açılması, müayinə və analizlər prosedur qaydalarına uyğun şəkildə həyata keçirilir.
Ekspert qeyd edib ki, bəzi hallarda həkimlərin sığortalı pasiyentlərdən əlavə “şirinlik” və ya pul tələb etməsi sistemlə bağlı deyil, fərdi təşəbbüsdür. Bu kimi halların qarşısının alınması üçün vətəndaşların öz hüquqlarını bilməsi və onları müdafiə etməsi vacibdir. O, bu istiqamətdə maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.
Vüqar Oruc əlavə edib ki, vətəndaşlar arasında icbari tibbi sığortanın “tam ödənişsiz” olması ilə bağlı yanlış təsəvvür mövcuddur. Halbuki, bu xidmətlər dövlət tərəfindən ödənilən sığorta haqları hesabına maliyyələşdirilir və tibbi personalın əməkhaqqı da bu vəsaitlərdən qarşılanır. Bu səbəbdən əlavə ödənişlərin tələb olunması yolverilməzdir və nəzarətin gücləndirilməsi vacibdir.
Ekspert bildirib ki, vətəndaşlar tez-tez müayinə və müalicə proseslərinin gecikdirilməsi, eləcə də bürokratik maneələrlə bağlı şikayətlər edirlər. Bu səbəbdən bəzi şəxslər icbari sığortadan istifadə etməkdən imtina edir və birbaşa həkimə müraciəti daha sürətli hesab edirlər. Hətta belə bir fikir formalaşıb ki, sığorta ilə göstərilən xidmətlərin keyfiyyəti daha aşağıdır.
Onun sözlərinə görə, bu kimi yanaşmaların aradan qaldırılması üçün həm maarifləndirmə, həm də dövlət qurumları tərəfindən nəzarət mexanizmləri gücləndirilməlidir.
Vüqar Oruc vurğulayıb ki, bəzi vətəndaşlar sistemdən kənar müraciətə üstünlük verir ki, bu da əsasən məlumat azlığı ilə bağlıdır. Halbuki, icbari tibbi sığortadan tam yararlanmaq üçün proses məhz sistem üzərindən aparılmalıdır. Eyni zamanda bəzi xidmətlərin sığorta paketinə daxil olmadığı da nəzərə alınmalıdır.
Ekspert anonim şikayət mexanizmlərinin əhəmiyyətinə diqqət çəkərək bildirib ki, vətəndaşlar problemlə qarşılaşdıqda müvafiq qurumlara, o cümlədən 1542 qaynar xəttinə müraciət etməlidirlər.
Sonda o qeyd edib ki, həkimlər arasında da maarifləndirmə və motivasiya tədbirləri gücləndirilməlidir. İcbari sığorta çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi vacibdir.
Gülnaz Abdullazadə.























