Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur.
Bu ilin ilk rübündə ət idxalının həm həcm, həm də dəyər baxımından artmasını necə izah oluna bilər? Artım daxili bazarda qiymətlərə necə təsir edir?
Qaynarinfo-nun suallarını cavablandıran iqtisadçı Xalid Kərimli bildirib ki, ət idxalının həcm baxımından 3.4, dəyər baxımından 15.3 faiz artması ölkənin idxaldan asılılığının artdığını göstərir:
“Bu göstəricilər insanların artım tempi ilə mütənasib deyil. Bundan başqa, əhalinin istehlak vərdişləri dəyişə bilər, daha çox ət yeyə bilər. Amma əhali bu qədər qısa müddətdə çox ət yeyə bilməz, bu daha uzunmüddətli dövürdə baş verir. Ona görə də bu rəqəmlər daha çox idxaldan asılılığın artdığını göstərir”.
İqtisadçının sözlərinə görə, hazırda dünyada da ət qiymətləri bahalaşır. Bundan başqa, dəyər ifadəsində artmağı manatın məzənnəsi ilə bağlı məsələdir:
“Nəzərə alsaq ki, manatın məzənnəsi dollara bağlıdır, dollar da son bir ildə ucuzlaşıb. Dollar digər valyutalara qarşı ucuzlaşanda manat da avtomatik ucuzlaşır”.
Xalid Kərimlinin sözlərinə görə, ətin idxal qiymətinin artması daxili bazarda qiymətlərə təsir edir:
“Ölkəyə kəsilmiş heyvan əti dondurulmuş şəkildə gətirilir ki, keyfiyyətini itirməsin. Sahibkarlar da bazarda dondurulmuş ətin qiymətinə baxırlar. Əgər o qiymətlər onlara sərf edirsə, onlar ölkəyə ət idxal edirlər. Sahibkar fikirləşir ki, ölkəyə gətirdiyi əti baha satıb pul qazana biləcək ya yox. Ona görə idxalın artması qiymətləri aşağı salan faktordur. Bir şey çox olanda onun qiyməti aşağı düşür. Amma burda əhalinin tələbatı da önəmli rol oynayır. Əgər əhalinin tələbatı eyni, idxal da artıbsa, bu yerli istehsalın azlaması deməkdir. Göstərilən statistikadan isə bazarda idxalın yerli istehsalı üstələdiyini güman edə bilərik. Amma istənilən halda məhsul bolluğu qiyməti aşağı salan amildir. Ölkəyə idxal olmasa, ətin qiyməti daha da bahalaşa bilər”.
“Ət idxalının artması yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər verirmi” sualına iqtisadçı bildirib ki, ət idxalının artması təkcə yerli heyvandarlıq sektorunun zəifliyindən xəbər vermir:
“Digər statistik məlumatlara baxanda görürük ki, saxlanılan həm iri buynuzlu, həm də xırda buynuzlu heyvanların sayında azalma var. Belə ki, 10 faizdən çox iri buynuzlu, ən az 25 faiz xırda buynuzlu heyvanların sayında azalma var. Məsələn, əhalinin ətə olan tələbatının artması, həm də bu sektorun əhalinin tələbatı ilə nisbətdə zəif böyüməsi təsir edən amildir. Hələ indi-indi qiymətlər artıqca, bu sektor qazanc gətirən sahəyə çevrilir. Əvvəllər bu sahə fermerlərə, sahibkarlara sərf etmirdi. Ümid edirik ki, qiymət artımı bu sektorda investisiyaları artıracaq, sahibkarlar bu sahəyə geri dönəcək”.























