Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 17–22 may tarixlərində Bakıda keçirilməsi ilə əlaqədar paytaxtda bəzi təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dəyişdiriləcək.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, beynəlxalq tədbirlə əlaqədar Elm və Təhsil Nazirliyi məktəbə hazırlıq qrupları və ibtidai siniflər üçün nəzərdə tutulan 1–5 may tarixli yaz tətilinin vaxtını dəyişərək 17–22 may aralığına keçirib. Onun sözlərinə görə, mayın 17-dək tədris fasiləsiz davam edəcək.
Ekspert qeyd edib ki, ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alanlar üçün isə 17–22 may tarixlərində dərslər distant (məsafədən) formada təşkil olunacaq. Bu qərarın əsas məqsədi şəhərdə yaranacaq sıxlığın qarşısını almaq, eyni zamanda təhlükəsizlik tədbirlərinin daha effektiv həyata keçirilməsidir.
“Elçin Əfəndi vurğulayıb ki, distant təhsilin tətbiqi düzgün yanaşmadır. Çünki bu halda tədris prosesi dayanmır, fasilə yaranmır və proqram üzrə dərslər davam etdirilir. Bu qərar yalnız Bakı şəhərini əhatə edir, digər bölgələrdə isə təhsil ənənəvi qaydada davam edəcək. Mən düşünmürəm ki, bu qərar tədris proqramlarında hər hansı çətinlik yaratsın. Əksinə, dərslər keçirilməsəydi, problem yarana bilərdi”, – deyə o əlavə edib.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rafiq Raufoğlu isə bildirib ki, xüsusilə paytaxtın mərkəzi ərazilərində məktəblərə şagirdlərin gətirilməsi pik saatlarda ciddi tıxaclar yaradır.
Onun sözlərinə görə, dərslərin distant formata keçirilməsi nəqliyyat sıxlığına müsbət təsir göstərəcək: “Əvvəlki təcrübələrdən də görürük ki, bəzi məktəblər və universitetlər üzrə belə qərarlar tıxacların azalmasına təsir edir”.
Ekspert əlavə edib ki, beynəlxalq tədbirlər zamanı bu cür addımların atılması adi praktikadır: “Adətən bu tədbirlər bütün ölkəni əhatə etmir, yalnız tədbirin keçirildiyi ərazilərdə belə məhdudiyyətlər tətbiq olunur”.
Gülnaz Abdullazadə.























