Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələr davam edir və bu addımın iqtisadiyyata təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, minimum əməkhaqqının artırılması zəruridir və mövcud göstəricilər arasında fərq müəyyən disbalans yaradır.
Onun sözlərinə görə, 2026-cı ilin ilk rübü üzrə orta aylıq əməkhaqqı 1103 manat təşkil edir, ilin sonu üçün isə bu rəqəmin 1170 manata çatacağı proqnozlaşdırılır: “Təcrübə göstərir ki, orta əməkhaqqı minimum əməkhaqqından 2,5 dəfə çox olmamalıdır. Bu, artıq disbalans hesab olunur. Düşünürəm ki, minimum əməkhaqqı orta aylıq əməkhaqqının təxminən 50-60 faizi səviyyəsində müəyyənləşdirilməlidir”.
Ekspert qeyd edib ki, minimum əməkhaqqının artırılması vergi sistemində şəffaflığa da müsbət təsir göstərə bilər: “Hazırda bəzi işəgötürənlər maaşları minimum həddə göstərərək daha az vergi ödəməyə üstünlük verirlər. Amma minimum əməkhaqqı, məsələn, 650-660 manat səviyyəsində olsa, bu, əməkhaqlarının daha real göstərilməsinə və vergidən yayınma hallarının azalmasına səbəb olar”.
Vüqar Oruc əlavə edib ki, bu addım vətəndaşların maliyyə imkanlarını da genişləndirə bilər: “İşləyən əhali banklara istehlak kreditləri üçün müraciət etdikdə, rəsmi əməkhaqqı məbləği onların kredit əldə etmə imkanlarına təsir edir. Minimum əməkhaqqının artması bu imkanları genişləndirəcək, həm bank sektorunun inkişafına, həm də iqtisadi aktivliyə müsbət təsir göstərəcək”.
Bununla yanaşı, ekspert mümkün risklərə də toxunub: “Minimum əməkhaqqının artırılması inflyasiya təzyiqini artıra bilər. Lakin dövlətin müvafiq qurumları müxtəlif sosial layihələr və vergi güzəştləri vasitəsilə bu təzyiqləri tənzimləyə bilər”.
Sonda Vüqar Oruc vurğulayıb ki, minimum əməkhaqqının artırılması ümumi rifahın yüksəlməsinə xidmət edə bilər: “Bu addım əhalinin gəlirlərinin artmasına, vergidən yayınmanın azalmasına və iqtisadiyyatın inkişafına müsbət təsir göstərə bilər. Düşünürəm ki, yan təsirlərdən çəkinmədən minimum əməkhaqqını artırmaq lazımdır”.
Gülnaz Abdullazadə.























