İsrailin İrana hücumu bir başqa məsələni gündəmə gətirib. Ölkə daxilindəki ictimai-siyasi proseslər necə inkişaf edəcək? Xatırladaq ki, 2022-ci ilin sentyabr–noyabr aylarında baş verən genişmiqyaslı etiraz aksiyaları İranda siyasi və sosial parçalanmanın nə qədər dərin olduğunu bir daha ortaya qoymuşdu. Həmin dövrdə minlərlə vətəndaş küçələrə axışaraq rejimə qarşı etiraz etmiş, hakimiyyət isə buna sərt təzyiqlərlə cavab vermişdi.
Ekspertlərin fikrincə, hazırkı mərhələdə İsraillə qarşıdurma Tehran rejimi üçün ictimai legitimlik qazanmaq baxımından bir fürsətə çevrilə bilər. Belə ki, İran rəhbərliyi bu münaqişəni “milli təhlükə” kontekstində təqdim edərək, daxildəki siyasi narazılığı bir müddət dondurmağa və əhalini “xarici düşmən” obrazı ətrafında səfərbər etməyə çalışır.
Bununla belə, bəzi ekspertlər hesab edir ki, ölkədəki dərinləşən iqtisadi çətinliklər, sosial bərabərsizlik və vətəndaş azadlıqlarının məhdudlaşdırılması ilə bağlı narazılıq dalğası hələ də davam edir. Müharibənin bu daxili təbəqələşməni daha da kəskinləşdirməsi isə yeni və daha genişmiqyaslı etirazlara yol aça bilər.
Bəs İran xalqı rejim ətrafında sıx birləşəcək, yoxsa mövcud narazılıqlar fonunda ölkədə yeni bir siyasi silkələnmə yaşanacaq?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrailin İrana qarşı mümkün hərbi əməliyyatların məqsədlərindən biri də ölkədə rejim əleyhinə etirazları təşviq etmək və vətəndaş qarşıdurmasına zəmin yaratmaqdır:
“İsrailin Baş naziri Binyamin Netanyahu da İran əhalisini etiraza qalxmağa çağırdı. Lakin hazırkı şəraitdə İranda əhalinin rejim əleyhinə genişmiqyaslı etiraza qalxması real görünmür. Hakimiyyət əhalini milli birliyə səsləyir. Buna baxmayaraq, bəlluclar vasitəsilə lokallaşmış vətəndaş qarşıdurmalarının təşkili mümkündür və İsrailin də məqsədi məhz budur.
Hazırda əhali susqunluq nümayiş etdirir. Müharibə şəraitində kütləvi etiraz dalğası formalaşdırmaq asan deyil. Əhvaz və Bəluçistan kimi bölgələrdə müəyyən hərəkatların baş verməsi mümkündür. Proseslər artıq mürəkkəb və qeyri-müəyyən bir mərhələyə qədəm qoyub. Hücumlar qarşılıqlı şəkildə davam edir. Əhali rejimdən narazıdır, lakin müharibə fonunda geniş etirazlar üçün real zəmin görünmür. Yalnız İsrail siyasi elitanı zəiflətdiyi təqdirdə, hərbi elitadan qaynaqlanan silahlı üsyan ehtimalı gündəmə gələ bilər”.