Bu ildən etibarən ictimai iaşə sektorunda fəaliyyət göstərən ƏDV ödəyiciləri göstərdikləri xidmətə görə aldıqları ƏDV-nin yalnız 50%-ni dövlət büdcəsinə ödəyəcəklər.
Vergi eksperti Anar Bayramovun sözlərinə görə, səhiyyə sektorundan sonra bu güzəşt ictimai iaşə müəssisələrinə də şamil olunur:
“İctimai iaşə sektorunda ƏDV ödəyicisi ay ərzində müştərilərdən 18% dərəcə ilə ƏDV alacaq, amma dövlətə onun yalnız 50%-ni ödəyəcək. Bu, vergi ödəyicilərini ƏDV vergi rejimindən yayınmamağa stimullaşdırır və dövriyyələrin şəffaflaşmasına təkan verir”.
A.Bayramov həmçinin bildirib ki, ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri 2026-cı il yanvarın 1-dən üç il müddətinə nağdsız ödənişlər üzrə sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-yə endiriləcək. Bunun əsas şərti xidmət haqqının POS-terminal vasitəsilə NKA ilə inteqrasiya olunmasıdır.
Bəs bu güzəşt kiçik və orta iaşə obyektlərinin fəaliyyətinə hansı real iqtisadi təsiri göstərəcək: qiymətlərin azalması, xidmət keyfiyyətinin artması, yoxsa sadəcə vergi yükünün yüngülləşməsi ilə məhdudlaşacaq?
İqtisadçı Xalid Kərimli Musavat.com a bildirib ki, restoran və kafelərdə insanlar hələ də əsasən nağd ödəniş etməyə çalışırlar və kartla ödənişlərdən yayınırlar.
Onun sözlərinə görə, tətbiq olunan üçillik müvəqqəti güzəştin əsas məqsədi kafe və ictimai iaşə sektorunu şəffaf fəaliyyətə dəvət etməkdir. Bu dəyişikliklər dövriyyələrin gizlədilməsinə marağın azalmasına yönəlib və nağdsız dövriyyəni artırmaqla vergi bazasını genişləndirməyi hədəfləyir.
X.Kərimli qeyd edib ki, nağdsız dövriyyə üçün nağd ödənişlərlə müqayisədə həm sadələşdirilmiş vergi 8 % dən 6 % yə endirilib, həm də ƏDV nin yalnız 50 % si vergiyə tutulacaq. Məsələn, şirkətin 300 min manatlıq dövriyyəsi varsa və bunun 150 mini nağdsızdırsa, nağdsız hissənin vergi yükü daha aşağı olacaq.
“Əgər iaşə obyekti sadələşdirilmiş vergi rejimi ilə fəaliyyət göstərirsə, nağdsız dövriyyə üzrə sadələşdirilmiş vergi 6 % olmalıdır, 8 % yox. Bu əsas şəffaflığın artmasına səbəb olacaq,” — deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, vergidən yayınmaq üçün dövriyyəni gizlətmək cəhdləri olacaq, lakin nağdsız ödənişlərin təşviqi bu tendensiyanı zəiflədə bilər. Həmçinin o bildirib ki, vətəndaşların kartla ödəmə hüququ tez tez pozulurdu, indi isə kartla nağdsız ödənişlər bundan sonra stimullaşdırılacaq.
“Bu güzəşt 3 illik müddətə tətbiq edilir. Qiymətlərin düşməsi gözlənilmir, yalnız rəqabət və tələb azaldıqda endirim ola bilər” —iqtisadçı fikrini yekunlaşdırıb.























