İqtisadi çətinliklər fonunda "kredit tətili" mexanizmi yenidən gündəmə gəlib. Bu sistem borcalanlara müəyyən müddət ərzində kredit ödənişlərini təxirə salmağa imkan verir.
Referans Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda da belə bir mexanizm tətbiq oluna bilər, lakin bu qərar əsasən banklar tərəfindən fərdi qaydada verilməlidir. Onun sözlərinə görə, dövlət səviyyəsində ümumi "kredit tətili" yalnız fövqəladə hallar və ya ciddi iqtisadi böhran zamanı məqsədəuyğun hesab edilə bilər.
Ekspert qeyd edib ki, banklar kreditləri öz vəsaitləri ilə deyil, cəlb etdikləri maliyyə resursları hesabına verdikləri üçün kütləvi "kredit tətili" maliyyə sistemində risklər yarada bilər. Bu, bankların öhdəliklərini yerinə yetirməsini çətinləşdirə və sektorun sabitliyinə mənfi təsir göstərə bilər.
X.Kərimlinin fikrincə, gəliri azalan, işini itirən və ya digər çətinliklərlə üzləşən şəxslərə müvəqqəti güzəştlər tətbiq oluna bilər. Bu yanaşma borcalanların kredit tarixçəsini qorumağa kömək etsə də, bankların pul axınına və gəlirlərinə müəyyən təsir göstərir. /Milli.Az
