Bu yay heyətini yüksək səviyyəli bir “10 nömrə” ilə gücləndirməyi planlaşdıran “Qalatasaray”ın diqqət mərkəzinə növbəti dünya ulduzu düşüb.
Referans Media xəbər verir ki, Dris Mertensin ayrılmasından sonra hücumun arxasında yaranan boşluğu doldurmaqda çətinlik çəkən sarı-qırmızılılar bu mövqe üçün böyük büdcə ayırıb və bir sıra məşhur futbolçularla təmas qurub. Lakin indiyədək gözlənilən irəliləyiş əldə olunmayıb.
Ən uyğun variantı seçmək istəyən İstanbul təmsilçisi indi diqqətini İtaliyaya yönəldib. Klubun gündəmində “Mançester Siti”dən “Napoli”yə transfer olunan Kevin De Brüyne yer alır.
Belçika millisi ilə Dünya Kubokunda çıxış edən 34 yaşlı futbolçunun “Napoli”dən ayrılmaq ehtimalı yarandıqdan sonra “Qalatasaray” rəhbərliyi bu fürsəti dərhal dəyərləndirib. Məlumata görə, tərəflər menecerlər vasitəsilə ilk görüşlərini keçiriblər.
Təcrübəli ulduzun gələn mövsüm “Qalatasaray” forması ilə UEFA Çempionlar Liqasında çıxış etmək fikrinə müsbət yanaşdığı bildirilir.
Lakin “Qalatasaray”ın qarşısında daha bir mühüm maneə var – “Napoli”. Viktor Osimhen transferi zamanı sarı-qırmızılılara çətinlik yaradan İtaliya klubu, müqaviləsinin bitməsinə bir il qalan De Brüynenin transferində də yüksək məbləğ tələb etməyə hazırlaşır. Bununla belə, “Qalatasaray” bu dəfə danışıqlar prosesinin əsas hissəsini belçikalı futbolçunun menecerinin aparmasını istəyir.
İstanbul klubu Kevin De Brüynenin transfer hüquqlarını mümkün qədər aşağı məbləğə əldə etməyi hədəfləyir. Bu baxımdan futbolçunun klubu ilə aparacağı danışıqlar xüsusi əhəmiyyət daşıyır.
“Napoli”də ən yüksək maaş alan futbolçulardan biri olan De Brüynenin əməkhaqqı yükündən qurtulmaq istəyi tərəfləri qarşılıqlı razılıq əsasında müqavilənin ləğvinə gətirib çıxara bilər. Belə olacağı təqdirdə “Qalatasaray” imza haqqı və illik maaş təklifi ilə bu transferi reallaşdırmaq şansı qazanacaq.
“Cim Bom” sol cinahı Markus Raşfordla gücləndirmək niyyətindədir. Daha əvvəl bu mövqe üçün Rafael Leau başda olmaqla bir sıra futbolçularla danışıqlar aparan klub, Raşford variantını qaçırmaq istəmir.
İngiltərə millisinin 28 yaşlı üzvü icarə əsasında çıxış etdiyi “Barselona”da uğurlu mövsüm keçirib. Onun Kataloniya klubuna tam transfer olunacağı gözlənilsə də, “Barselona” 30 milyon avroluq satınalma hüququndan istifadə etməyib.
Bu qərarın futbolçuda ciddi məyusluq yaratdığı bildirilir. İngiltərə mediası bunu Dünya Kuboku öncəsi onun üçün mühüm problem kimi qiymətləndirib.
“Mançester Yunayted”də gələcəyi qeyri-müəyyən olan Markus Raşfordun vəziyyəti Avropanın aparıcı klublarının diqqətindən yayınmayıb. “Bavariya” və PSJ başda olmaqla bir sıra nəhəng komandalar futbolçu ilə maraqlanır.
Lakin İngiltərə mətbuatının məlumatına görə, indiyədək oyunçunun gözlədiyi səviyyədə təklif onun menecerinə təqdim edilməyib. Transfer bazarının xüsusilə Dünya Kubokundan sonra daha da canlanacağı gözlənilir.
Məhz bu vəziyyətdən yararlanmaq istəyən “Qalatasaray”ın Markus Raşford transferində israrlı olduğu bildirilir. Məlumata görə, sarı-qırmızılılar ingilis futbolçuya cəlbedici təklif təqdim edib və meneceri bu barədə oyunçunu məlumatlandırıb.
Hələlik Raşfordun hansı qərarı verəcəyi məlum deyil. Lakin İngiltərə mediası onun “Mançester Yunayted”lə yollarını ayırmasının artıq demək olar ki, dəqiqləşdiyini yazır.
