İqtisadi çətinliklərin artması kredit ödənişləri ilə bağlı problemləri daha da aktuallaşdırıb. Bu fonda bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi yenidən diqqət mərkəzinə gəlib. Sözügedən sistem borcalanlara müəyyən müddət ərzində ödənişləri təxirə salaraq maliyyə vəziyyətlərini bərpa etmək imkanı yaradır.
“Kredit tətili” mexanizmi nədir? Bu, Azərbaycanda da tətbiq oluna bilərmi?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, ölkəmizdə “kredit tətili” tətbiq oluna bilər, lakin bu, müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir:
“Krediti təqdim edən tərəf bank olduğuna görə, kredit şərtlərinin dəyişdirilməsi və ya müəyyən müddət üçün güzəşt dövrünün verilməsi barədə qərarı da məhz bank qəbul edə bilər. Lakin dövlətin bütün banklar üçün ümumi “kredit tətili” tətbiq etməsi normal şəraitdə düzgün yanaşma hesab edilmir. Belə bir qərar yalnız fövqəladə vəziyyət, genişmiqyaslı iqtisadi böhran və ya digər xüsusi hallarda mümkündür. Bu kimi şəraitdə dövlət iqtisadiyyatın qorunması məqsədilə fövqəladə tədbirlər görə bilər. Ancaq adi hallarda hər hansı vətəndaş kredit ödənişində çətinlik yaşayırsa, ona “kredit tətili”nin verilməsi yalnız bankın fərdi qərarı əsasında həyata keçirilməlidir”.
İqtisadçı bildirib ki, burada məsələnin iki tərəfi var:
“Banklar kreditləri öz vəsaitləri hesabına vermirlər. Onlar əhalidən və digər mənbələrdən vəsait cəlb edir, sonra həmin vəsaitləri kredit şəklində müştərilərə təqdim edirlər. Yəni bank maliyyə vasitəçisi rolunu oynayır. Əgər bank verdiyi kreditlərin ödənişini tələb etməzsə, öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər. Bu isə maliyyə sistemində zəncirvari problemlərə şərait yaradacaq. Məhz buna görə də kütləvi “kredit tətili”nin tətbiqi iqtisadiyyat üçün ciddi risklər deməkdir. Belə bir addım bank sektorunun sabitliyinə mənfi təsir göstərə, kredit bazarında qeyri-müəyyənliyi artıra və maliyyə sistemində problemlər yarada bilər”.
Ekspertin sözlərinə görə, banklar fərdi yanaşma əsasında müştərilərinə müəyyən güzəştlər təqdim edə bilərlər:
“Məsələn, gəliri kəskin azalan, işini itirən, təbii fəlakət və ya digər gözlənilməz hadisələrlə üzləşən şəxslərə müvəqqəti “kredit tətili” verilə bilər. Eyni zamanda, uzun müddət öhdəliklərini vaxtında yerinə yetirmiş və müsbət kredit tarixçəsinə malik müştərilərə də müəyyən güzəştlərin tətbiqi mümkündür. Bu yanaşmanın üstünlüklərindən biri odur ki, müştəri ödəniş çətinliyi yaşadığı dövrdə kredit tarixçəsini korlamır. Bank da öz müştərisini itirmir və onun maliyyə vəziyyətinin bərpasını gözləyir. Bu baxımdan “kredit tətili”nin müəyyən sosial faydaları da mövcuddur. Lakin bu mexanizmin mənfi tərəfləri də nəzərə alınmalıdır. Kredit ödənişlərinin təxirə salınması bankın pul axınına təsir göstərir, faiz gəlirlərini azaldır, kredit portfelində riskləri artırır və risklərin idarə edilməsini çətinləşdirir. Hətta geniş miqyasda tətbiq olunduğu halda bəzi banklar üçün maliyyə problemləri yarada bilər”.
