Masallıda bir fermerin illərlə qurduğu zəhmət gözü önündə əriyir. Lürən kəndində Mahir Əbilovun təsərrüfatına gedən yol 6 aydır bağlanıb, o və 12 işçisi qazanc yolunda hər gün əziyyət çəksə də, aidiyyəti qurumlar bu haqsızlığa səssiz qalır. Çəkiliş qrupumuz vətəndaş şikayəti əsasında Masallı rayonunun Lürən kəndində olub. Musakücə bələdiyyəsinin ərazisinə daxil olan kəndin sakini, fermer Mahir Əbilov bildirir ki, artıq 6 aydır qonşuları – Tura və Qacar Yəhyayevalar, eləcə də Natiq Mahmudov onun təsərrüfatına gedən yolu bağlayaraq gediş-gəlişinə mane olurlar.
Fermerin sözlərinə görə, yaranmış vəziyyət təsərrüfatın fəaliyyətinə ciddi ziyan vurur. Artıq 5 aydır ki, o və təsərrüfatında çalışan 12 işçi işə gəlib-gedərkən böyük çətinliklərlə üzləşir. Əbilov iddia edir ki, yolun bağlanmasına səbəb olan şəxslər kənd təsərrüfatı təyinatlı torpaq sahələrində qanunsuz şəkildə yaşayış evləri tikiblər. Buna baxmayaraq, müvafiq dövlət qurumları baş verənləri görməzdən gəlir.
Qeyd edək ki, Mahir Əbilov 1994-cü ildən kənd təsərrüfatı ilə məşğul olur, əsasən tərəvəzçilik və toxumçuluq fəaliyyəti aparır. O, məsələ ilə bağlı yerli bələdiyyəyə, Masallı Rayon İcra Hakimiyyətinə, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin bölgə üzrə şöbəsinə müraciət etdiyini, lakin indiyədək heç bir nəticə əldə olunmadığını deyir. Fermer bildirir ki, müraciətlər bürokratik süründürməçiliklə qarşılanır, konkret cavab verilmir.
Məsələ ilə bağlı Masallı Rayon İcra Hakimiyyətində olduğumuz zaman qarşı tərəfin sözügedən ərazilərə dair qanuni sənədlərinin olduğu bildirildi. Həmin sənədlərin əslini görmək istədikdə isə icra hakimiyyətinin hüquqşünası Azər Bəhmənov suallardan yayınaraq kobud davranış sərgilədi. Yerli sakinlərin sözlərinə görə, eyni münasibət onlara qarşı da göstərilir.
Fermer bildirir ki, artıq 5 aydır bütün aidiyyəti dövlət qurumlarının gözü qarşısında onun torpaq sahəsinə giriş bağlanıb. Nəticədə işçilər iki addımlıq yolu istifadə edə bilmədikləri üçün kəndi dolanaraq təsərrüfata gedib-gəlməyə məcbur qalırlar. Bu isə həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur.
Mahir Əbilov həmçinin iddia edir ki, Masallı rayonu Əmlak Şöbəsi və Reyestr Xidməti onu Cəlilabad rayonundakı analoji qurumlara yönləndirir. Fermerin sözlərinə görə, Cəlilabadda yerləşən reyestr xidmətinin rəisi Anar Vəliyev yolu zəbt edən şəxslərdən biri ilə yaxın münasibətdədir və bu səbəbdən məsələ bilərəkdən uzadılır.
Çəkiliş zamanı əraziyə dair xəritələrlə də tanış olduq. Həmin xəritələrdə Mahir Əbilovun təsərrüfatının yanından yol keçdiyi açıq şəkildə göstərilir. Bundan əlavə, “Bolt” taksi tətbiqi vasitəsilə sifariş zamanı da həmin ərazidən yolun mövcud olduğu görünür. Bu faktlar qarşı tərəfin qanun pozuntusuna yol verdiyini bir daha təsdiqləyir.
Fermer deyir ki, polisə və prokurorluğa etdiyi müraciətlər də nəticəsiz qalıb. Uzun müddət həllini tapmayan problem onu kənd təsərrüfatı fəaliyyətindən uzaqlaşmaq həddinə çatdırıb. O bildirir ki, dövlət başçısı dəfələrlə sahibkarların yanında olduğunu bəyan etsə də, yerli icra strukturlarında bu çağırışlara əməl olunmur.
Mahir Əbilov hesab edir ki, dövlət orqanları vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz hərəkətlərin qarşısını almalı, sahibkarlara mane olan şəxslər barəsində qanuni tədbirlər görməlidirlər. Lakin indiyədək bu istiqamətdə heç bir addım atılmayıb.
