Milli Məclisin iclasında “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Referans Media-ın məlumatına görə, deputat Vüqar Bayramov layihə barədə çıxış edərək bildirib ki, vacib qanun layihəsi müzakirəyə təqdim olunub:
“Qanun layihəsi özəl sektorun ətraf mühitin mühafizəsi baxımından öhdəlik və məsuliyyətinin gücləndirilməsi aspektindən əhəmiyyətlidir. Ətraf mühitin mühafizəsi Azərbaycanda həyata keçirilən siyasətin ana xətlərindən hesab olunur. 2025-ci ildə dövlət büdcəsindən bu istiqamətə 374 milyon manat vəsait ayrılıb. Bu isə əvvəlki il ilə müqayisədə 3.4 faiz çoxdur.
Yaxın günlərdə müzakirə edəcəyimiz 2027-ci ilin Dövlət Büdcəsi haqqında Qanun layihəsinə əsasən isə, gələn ildə ətraf mühitin mühafizəsi istiqamətinə 438,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bu o deməkdir ki, mövcud fiskal imkanlar daxilində ətraf mühitin daha yaxından qorunması prioritetliyini gücləndirməkdədir”.
V.Bayramov deyib ki, müzakirə edilən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsində ətraf mühitin istehsalat monitorinqi izahatı təqdim edilir:
“Təklif olunan maddəyə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müşahidəsi və tədqiqat sistemidir. Monitorinqlər həyata keçirilən zaman hansı müddəti əhatə etməsi və mütəmadiliyi çox önəmlidir və vacib meyarlardan hesab olunur. Ona görə, sözügedən maddəni aşağıdakı mətndə təklif edərdim:
ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində baş verən dəyişikliklərin müntəzəm müşahidəsi və tədqiqat sistemidir.
Eyni maddədə təbiətdən istifadəçilər üçün monitorinqin aparılması icbariliyi qeyd olunur. Prosesin davamlılığın hüquqi bazasının formalaşdırılması üçün “Təbiətdən istifadəçilər (“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” AR Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin davamlı istehsalat monitorinqini aparmalıdırlar”.
Deputat əlavə edib ki, həmin maddənin 3-cü bəndinə əsasən, monitorinq nəticələri barədə illik hesabat növbəti il fevralın 1-dən gec olmayaraq təqdim olunmalıdır:
“Ətraf mühitin qorunması prioritet və eləcə də ekoloji baxımdan həssas məsələ olduğu üçün illik hesabatlar ilə bağlı rüblük və yarım illik hesabatların da təqdimatına ehtiyac var. Bir sıra hallarda illik neqativ nəticəni aradan qaldırmaq daha çox zaman və vəsaitə ehtiyac yarana bilər. Amma daha qısa intervallı hesabatlılıq post deyil, cari nəzarəti gücləndirə bilər. “Ətraf mühitn təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə təklif edilən dəyişiklik ətraf mühitin təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatlarında yerləşdirilməsi ilə bağlıdır.
Şəffaflıq və hesabatlılıq üçün bu sahədə sifarişçilərin internet səhifəsinin olması və hesabatların həmin səhifələrdə yerləşdirilməsinin də məcburi olması məqsədəuyğundur”./Musavat.com/
