Mopedlərlə bağlı yeni qaydalar: Çatdırılma qiymətləri arta bilər – Ekspert

Moped sürücüləri üçün yeni qaydaların tətbiqi çatdırılma və kuryer sektorunda ciddi dəyişikliklərə səbəb ola bilər. Ekspertlər hesab edir ki, “A1” kateqoriyalı sürücülük vəsiqəsi və qeydiyyat tələbi həm xidmət qiymətlərinə, həm də sektorda çalışanların sayına təsir göstərə bilər.

Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, moped sürücüləri üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin qeydiyyatı tələbinin tətbiqi kuryer və çatdırılma sektorunda qiymətlərə müəyyən dərəcədə təsir göstərə bilər.

Onun sözlərinə görə, bu sahədə çalışanların böyük hissəsi mopeddən istifadə edir və yeni qaydalar əlavə xərclər yaradır.

“Sürücülük vəsiqəsinin alınması, imtahanlar, qeydiyyat və texniki tələblər həm vaxt, həm də maliyyə baxımından əlavə yük deməkdir. Bu xərclər birbaşa və ya dolayısı ilə xidmət qiymətlərinə yansıya bilər. Şirkətlər xərclərin bir hissəsini kompensasiya etmək üçün çatdırılma tariflərini artıra və ya xidmət haqqını dəyişə bilərlər”, – deyə ekspert qeyd edib.

İqtisadçı bildirib ki, bu qərar gündəlik qazancını mopeddən çıxaran sürücülərin əmək bazarındakı mövqeyinə də təsir edə bilər. Onun sözlərinə görə, yeni tələblər bəzi sürücülər üçün sektorda qalmağı çətinləşdirə bilər.

“Xüsusilə sənədləşmə və rəsmi prosedurları yerinə yetirməyə hazır olmayan və ya maddi imkanları məhdud olan şəxslər üçün bu çətinlik yarada bilər. Nəticədə sektorda çalışanların sayı müəyyən qədər azala bilər. Digər tərəfdən, qaydaların tətbiqi bu sahəni daha rəsmi və tənzimlənən əmək bazarına çevirə, təhlükəsizlik və peşəkarlıq standartlarını yüksəldə bilər”, – deyə o əlavə edib.

Ekspertin fikrincə, yeni tələblər səbəbindən bəzi sürücülərin bazardan çıxması çatdırılma xidmətlərinin əlçatanlığına da təsir göstərə bilər.

“Əgər aktiv kuryerlərin sayı azalarsa, xüsusilə pik saatlarda sifarişlərin çatdırılma müddəti uzana və xidmətlərin qiyməti arta bilər. Eyni zamanda bazarda rəqabət də qismən zəifləyə bilər, çünki kiçik və fərdi kuryerlərin bir hissəsi fəaliyyətini dayandıra bilər”, – deyə o bildirib.

Akif Nəsirli qeyd edib ki, uzunmüddətli perspektivdə bazar daha tənzimlənmiş və sabit hala gələ bilər.

“Şirkətlər daha peşəkar və hüquqi baxımdan uyğun işləyən kuryerlərlə fəaliyyət göstərməyə üstünlük verə bilərlər”, – deyə iqtisadçı vurğulayıb.

Abdullazadə Gülnaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki