Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Çıxış zamanı bir sıra mühüm məsələlərə toxunulub.
Dövlət başçısı deyib: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.
Referans.az xəbər verir ki , Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu çıxışda strateji əhəmiyyətli məsələlərə geniş yer verilib:
“İlk növbədə Prezident vurğuladı ki, əvvəllər dəfələrlə bu ali kürsüdən çıxış edib. Həmin çıxışlarında Ermənistanın təcavüzkar siyasəti, işğalçılıq hərəkətləri və onların nəticələri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Lakin budəfəki çıxış daha pozitiv və nikbin ruhda idi — artıq tarixi zəfərdən, əldə olunmuş uğurlardan və qarşıda duran yeni hədəflərdən bəhs olunurdu.
Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasətinin əsl mahiyyətini konkret faktlarla bir daha dünya ictimaiyyətinə çatdırdı. Bildirdi ki, işğal dövründə bütün şəhər və kəndlərimiz yerlə yeksan edilib, 65 məscid tamamilə dağıdılıb.
Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edərək, yəni təcavüzə məruz qalmış dövlətin özünü müdafiə hüququna əsaslanaraq torpaqlarını işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiyaya məcbur edildi və Azərbaycan döyüş meydanında tarixi zəfərə imza atdı. Bu, həm də ədalətli müharibə idi.
Ermənistan İkinci Qarabağ müharibəsi zamanı mülki əhalini və qeyri-hərbi obyektləri hədəfə alırdı. Nəticədə 400-dən çox mülki şəxs və hərbçimiz ya həlak oldu, ya da ağır yaralandı. Azərbaycan isə beynəlxalq hüququn normalarına əməl edərək müharibə dövründə belə mülki əhalini qorudu, qeyri-hərbi obyektlərə zərbə endirmədi. Bizim Ermənistanla əsas fərqimiz də məhz bundadır”.
Deputat əlavə edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır:
“Əsas məqsədlərimizdən biri vətəndaşlarımızın bu torpaqlara qayıdışını təmin etməkdir. Artıq 50 mindən çox soydaşımız doğma yurdlarına dönüb, orada yaşayır, işləyir və təhsil alırlar. Bununla da Azərbaycan bir daha sülhə sadiqliyini nümayiş etdirir.
Sülh müqaviləsi ilə bağlı artıq 5 baza prinsipi müəyyən olunub. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər mövzu ətrafında danışıqlar aparılır. Bu danışıqlar vasitəçilərsiz, ikitərəfli formatda baş tutur və müsbət nəticələr verir.
Prezident çıxışında bu reallıqlar fonunda Vaşinqton razılaşmalarına da toxundu. Bildirdi ki, ABŞ-da hər iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsinin mətnini paraflayıb, eyni zamanda siyasi liderlər ABŞ prezidentinin vasitəçiliyi ilə birgə bəyanata imza atıblar.
Prezident İlham Əliyev Donald Trampa bir daha təşəkkürünü bildirərək qeyd etdi ki, onun səyləri nəticəsində 907-ci düzəliş artıq tarixə qovuşub. ABŞ prezidentinin bu prosesdə müstəsna rolu olub. Ümid edirik ki, ABŞ Konqresi də yeni reallığı nəzərə alaraq, 907-ci düzəlişin birdəfəlik ləğvi ilə bağlı qərar qəbul edəcək.
ATƏT-in Minsk qrupu 1992-ci ildən bəri formal fəaliyyət göstərsə də, sülh prosesinə töhfə vermədi, əksinə, münaqişəni dondurmaqla məşğul oldu. Hazırda hər iki tərəfin birgə müraciəti nəticəsində, sentyabrın 1-dən etibarən Minsk qrupu da tarixə qovuşub. Bu isə sülh prosesinin daha ardıcıl və effektli getməsinə zəmin yaradır. Biz ümid edirik ki, yaxın perspektivdə sülh öz məntiqi sonluğuna çatacaq.
Prezident çıxışında beynəlxalq sülh və rifah naminə Zəngəzur dəhlizi məsələsinə də toxunaraq, ABŞ-ın bu istiqamətdəki səylərinin müsbət nəticələr verdiyini vurğuladı.
Deputat yeni reallıq fonunda enerji və nəqliyyat təhlükəsizliyi məsələlərinin də ön plana çıxdığını söyləyib:
“Prezident bildirdi ki, bu gün Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir. Hətta Türkiyə vasitəsilə Suriyanın qazla təminatı istiqamətində də ciddi addımlar atılıb.
Yanacaq enerjisi sahəsində ölkəmizin fəaliyyəti aydındır. Lakin Azərbaycan eyni zamanda yaşıl enerji istehsalına da böyük önəm verir. Günəş, külək və su elektrik stansiyalarının tikintisi bu sahədə görülən işlərin bir hissəsidir. 2030-cu ilə qədər Azərbaycanın enerji balansında yaşıl enerjinin payını 40 faizə çatdırmaq məqsədi qoyulub və bu istiqamətdə artıq ciddi addımlar atılır. Bununla belə, yanacaq enerjisinin yaxın illərdə aktuallığını qoruyacağı da reallıqdır.
Prezident İlham Əliyev çıxışında COP29 sammitinə də toxunaraq onun nəhəng beynəlxalq tədbir olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib və qlobal iqlim gündəminə mühüm töhfələr verəcək. Bakı maliyyə hədəfi ilə bağlı da məsələ qaldırıb: əvvəllər inkişaf etmiş ölkələrə ayrılan 100 milyard dollarlıq maliyyə yardımı indi 300 milyard dollara qədər artırılacaq və bu vəsaitin 2035-ci ilə qədər reallaşdırılması planlaşdırılır.
Sonda Prezident İlham Əliyev çıxışında ölkələrə və dünya liderlərinə müraciət edərək, ikili standartlardan uzaq durmağa və ədalətli bir dünya nizamının qurulmasına çağırdı”.
Siyasi şərhçi Elvin Baxşalızadə isə məsələyə belə münasibət bildirib:
“Sentyabrın 25-də Azərbaycan üçün əlamətdar günlərdən biri idi. Prezident İlham Əliyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında tarixi çıxışla həm regional, həm də qlobal əhəmiyyətli bir neçə məsələyə toxundu. Fikrimcə, bu, həm də ölkəmizin qlobal miqyasda ən yaxşı şəkildə tanıdılması oldu.
Prezident çıxışının əvvəlində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, ölkəmizə qarşı həyata keçirilən işğal barədə sessiya iştirakçılarını məlumatlandırdı. 2020-ci il Vətən müharibəsi zamanı ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı ilə ərazi bütövlüyü və suverenliyimizin bərpa olunduğunu qeyd etdi. Ordumuzun hərbi əməliyyatlar dövründə heç bir sivil hədəfə toxunmadığını xüsusi vurğuladı.
Vətən müharibəsindən sonra başlayan danışıqlar prosesinin uğurlu yekunu isə bu ilin 8 avqustunda Vaşinqtonda sülh müqaviləsi mətninin paraflanması hadisəsi oldu. Dövlət başçısı bu tarixi hadisəyə və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atdığı addımlara görə Donald Trampa təşəkkür etdi.
Prezident ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələyə qədəm qoymasından, əlaqələrin strateji əməkdaşlıq səviyyəsinə yüksəlməsindən də söz açıb. O bildirib ki, Bakı və Vaşinqton arasında siyasi, iqtisadi, müdafiə və təhlükəsizlik sahələrində münasibətlər hazırda ən yüksək səviyyədədir”.
Politoloq diqqətə çatırıb ki, Qlobal çağırışlar və bu yöndə Azərbaycanın verdiyi töhfələrə də toxunan Əliyev, COP29-dakı uğurlar barədə qısa məlumat verdi:
“Bakı Maliyyə Məqsədi”nin qlobal iqlim maliyyəsində tarixi mərhələ olduğunu qeyd etdi. Bu öhdəlik 2035-ci ilə qədər İEÖ-dən İEOÖ-lərə 100 milyard dollar olan ilkin iqlim maliyyələşdirmə hədəfini 300 milyard dollara çatdırmağı nəzərdə tutur.
Bundan başqa, Azərbaycan 2030-cu ilə qədər ümumi enerji istehsalının 40 faizini bərpa olunan mənbələr hesabına təmin etmək hədəfi qoyub. Bu da digər ölkələr üçün gözəl nümunə sayıla bilər. Xəzər dənizinin kiçilməsindən də söz açan Prezident bu məsələni dünyanın ən böyük tribunasından səsləndirərək növbəti ciddi mesaj vermiş oldu.
İlham Əliyev çıxışının son hissəsində isə ölkənin iqtisadi göstəriciləri və Azərbaycanın nəqliyyat dəhlizi kimi strateji əhəmiyyətindən danışdı. 2022-ci ildən Orta Dəhlizlə yükdaşımaların 90 faiz artdığını və bu istiqamətdə ölkənin böyük potensialının olduğunu vurğuladı. Prezident Azərbaycanın beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevriləcəyini bildirdi”.























