image-guler-emrahovabackend

Qarabağdan Bişkekə uzanan memarlıq izi – Gülər Əmrahovanın uğur hekayəsi

Bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilib. 17-22 may 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) bu ilin əhəmiyyətini daha da artırır. Belə bir mötəbər tədbir ərəfəsində və ilin qayəsinə müvafiq olaraq Azərbaycanın memarlıq ənənələrindən, inşaat və arxitektura sahəsində çalışanlardan bəhs etmək istəyirəm. Onlardan biri ilə tanış olaq. Gülər Əmrahova savadlı təcrübəli memar, bu sahə üzrə ekspertdir. Deyir ki, uşaq dövründən özündə qurub-yaratmaq həvəsi hiss edirmiş. Nəyisə düzəltmək, nəyəsə forma vermək sevimli məşğuliyyəti olub. Böyüdükcə bu məşğuliyyətin ötəri həvəs olmadığını başa düşür. Beləliklə, taleyinə inşaatçı, memar olmaq yazılır.

Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır. 15 il müxtəlif layihələr üzrə çalışır, bəzi xarici şirkətlərdə işləyir, əməkdaşlıq edir. Bir müddət Bakı Dövlət Layihə İnstitutunda işləyir. Ölkəmizin müasir rəmzlərindən birinə çevrilmiş Heydər Əliyev Mərkəzi və Alov Qüllələri (Flame Towers) kimi nəhəng, mürəkkəb layihələrdə iştirak edir. Eyni zamanda təhsilini də davam etdirir. Polşa İnkişaf Universitetində (Poland Development University) magistr dərəcəsi alır. 2020-ci ildən başlayaraq artıq sərbəst layihələrin müəllifi kimi işləməyə başlayır. 2023-cü ildə “Flax” MMC adlı şirkət təsis edir. Bu şirkət memarlıq sahəsində unikal həllər təklif edir, böyük holdinqlərlə, dövlət təşkilatları və özəl sektorla iş birliyi yaradır. “Flax” beynəlxalq təcrübəni, prosesləri və texnoloji innovasiyaları izləyərək daim layihələndirmə proseslərini təkmilləşdirir, müştərilərin tələblərini bütün tikinti normalarına və qaydalarına uyğun şəkildə yerinə yetirir.

image-print

Gülər xanımla söhbət edəndə onun nə qədər öz işinə bağlı olduğunu, bu sahəni sevdiyini, bu sevgini həmsöhbətinə də ötürə bildiyinin şahidi oldum. Memarlığın bütün cəhətlərindən məlumat verən Gülər Əmrahova parametrik dizaynın memarlığa inteqrasiyasının tərəfdarı olduğunu, hazırda daha çox tanınmış memar Zaha Hadidin adı ilə bağlı olan dekonstruktivizmi bəyəndiyini bildirir.

image-zaha-hadid_1834x1032

Gülər xanıma vaxtaşırı xaricdən iş təklifləri olunsa da o həmişə vətəndə qalmağa üstünlük verib. Deyir, işim yaratmaq, qurmaqdırsa, bu missiyanı öz məmləkətimdə etməliyəm. Xüsusən də nə vaxtsa Qarabağda işləyəcəyini arzu edib. İndi o arzusu gerçəkləşib. “Flax” şirkəti işğaldan azad edilmiş ərazilərimizdə də çox işlər görür. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması işlərinə öz töhfəsini verir. Hazırda da bu işlər davam etdirilir. Ağdam Cümə Məscidinin bərpasında, Zəngilan və Laçında hotel komplekslərinin, Hadrutda Tarix Muzeyinin layihələndirilməsində, Kəlbəcərin Qamışlı, Qılınclı, Nadirxanlı, Ağdərənin Umudlu, Ağdamın Sarıcalı kəndlərinin yenidən qurulmasında Gülər Əmrahovanın imzası var.

image-agdam-cume-mescidi

Gülər xanımın rəhbəri olduğu şirkətin işləri bununla məhdudlaşmır. “Flax” MMC Azərbaycanın digər bölgələrində və Bakıda da bir sıra mühüm layihələrə müəlliflik edib. Onun ən uğurlu işlərindən biri də qardaş ölkə Qırğızıstanın paytaxtı Bişkekdə azərbaycanlı inşaatçıların tikdikləri beşulduzlu “İssık-Kul” hotel kompleksinin layihələndirməsi olub.

image-issik-kul-hotel

Bu gün müasir olan sabah tariximizə çevrilir. Memarlıq abidələri də maddi tarix hesab edilir. Hazırda tariximizi yaradanlardan biri ilə sizi tanış etdim. Vətənpərvər istedadlı xanım, peşəkar memar, işinin mütəxəssisi, ekspert Gülər Əmrahovaya, onun rəhbərlik etdiyi kollektivə gördüyü, görəcəyi işlərdə müvəffəq olmalarını arzu edirəm.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki