image-pensiyabackend

Pensiya alanlara VACİB XƏBƏR: Özəl pensiya fondları nə zaman fəaliyyətə başlayacaq?

Son illər Azərbaycanda özəl pensiya fondlarının yaradılması ətrafında müzakirələr aparılsa da, ekspertlər bu fondların yaxın gələcəkdə fəaliyyətə başlamasının ehtimalını aşağı qiymətləndirirlər.

İqtisadçı ekspert Rəşad Həsənov Referans Media-ya açıqlamasında bildirib ki, böyük ehtimalla yaxın gələcəkdə Azərbaycanda özəl pensiya fondları yaradılmayacaq. Onun sözlərinə görə, bu mövzu ətrafında son 10–15 ildə ciddi ictimai müzakirələr aparılır və aidiyyəti üzrə dövlət siyasətini həyata keçirən qurumlar tərəfindən müəyyən təşəbbüslər mövcuddur. Xüsusilə son iki ildə müzakirələr daha da intensivləşib, inzibati istiqamətdə hüquqi çərçivənin formalaşdırılması ilə bağlı bəzi addımlar atılır. Lakin mövcud şərtlər daxilində özəl pensiya fondlarının yaradılması ehtimalı olduqca aşağıdır.

Ekspert bunun bir neçə əsas səbəbi olduğunu vurğulayıb.

Birinci səbəb, Azərbaycanda maliyyə sektorunda fəaliyyət göstərən qurumlara vətəndaşların etimadının aşağı olmasıdır. Əgər hökumət özəl pensiya fondlarında toplanan vəsaitlərə 100 faiz dövlət zəmanəti verməsə, vətəndaşların bu istiqamətdə təşəbbüs göstərməsi çətin olacaq. Bank əmanətlərinin strukturuna baxdıqda da görünür ki, əmanətlərin 80–90 faizi qısa müddətlidir. Bu isə vətəndaşların maliyyə institutlarına uzunmüddətli etimadının zəif olduğunu göstərir. Özəl pensiya fondları isə 20–30, hətta 40 il davam edən uzunmüddətli yığım tələb edir.

İkinci mühüm amil bazarın kiçik olmasıdır. Özəl pensiya fondunun effektiv fəaliyyəti üçün minimum həcmdə yığım olmalı, bu vəsaitlər həm idarə edilməli, həm də fondun xərclərini qarşılamalıdır. Ekspert hesab edir ki, qısa müddətdə yüksək həcmdə vəsait cəlb edib onları effektiv idarə edə biləcək özəl pensiya fondunun yaranması real görünmür.

Üçüncü səbəb isə vətəndaşların uzunmüddətli yığım imkanlarının məhdud olmasıdır. Ekspert bildirir ki, əhalinin təxminən 90–95 faizi gündəlik xərclərini çətinliklə qarşılayır və bir çox hallarda ailə büdcəsi kredit və borclar hesabına formalaşır. Bu vəziyyətdə vətəndaşların gəlirlərindən uzunmüddətli yığımlar üçün vəsait ayırması ehtimalı çox aşağıdır.

Rəşad Həsənov əlavə edib ki, gələcəkdə özəl pensiya fondu yaradılarsa, bu, dövlət pensiyasına alternativ yığım mexanizmi olacaq. Vətəndaşlar həm məcburi dövlət sosial sığorta haqqı ödəməklə dövlət pensiyası alacaq, həm də özəl pensiya fondundan əlavə gəlir əldə edəcəklər.

O qeyd edib ki, özəl pensiya fondundan pensiyaya çıxma yaşı və şərtləri vətəndaşla fond arasında bağlanan müqavilə əsasında müəyyən ediləcək və bu zaman dövlət tərəfindən müəyyən edilmiş 65 yaş həddi mütləq tətbiq olunmaya bilər. Dövlət pensiya sistemində isə güzəştli və əlillik halları istisna olmaqla, pensiya yaşı hazırda 65-dir.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki