İnsan orqanizmində görünməz şəkildə toplanan yad maddələr ən həyati orqanlardan birini hədəfə alıb. Elm adamları qaraciyər xəstəliklərinin yaranmasında indiyə qədər gizli qalan yeni amili üzə çıxarıblar.
Referans Media xəbər verir ki, Plimut Universitetinin tədqiqatçıları mikroplastiklərin qaraciyər sağlamlığına birbaşa mənfi təsir göstərdiyini müəyyən ediblər. Nature Reviews Gastroenterology & Hepatology jurnalında dərc olunan icmala görə, qida, su və hava vasitəsilə bədənə daxil olan mikroskopik plastik hissəciklər bu orqanda iltihablanma, oksidləşdirici stres və fibroz yaradır. Qaraciyər bədənin əsas filtri rolunu oynadığı üçün bütün zərərli maddələr kimi plastik çirklənmənin də əsas hədəfinə çevrilir.
Alimlər qeyd edirlər ki, dünyada qaraciyər xəstəliklərinin kütləvi artımını artıq yalnız piylənmə və alkoqol faktorları ilə izah etmək mümkün deyil. Mikroplastiklər həm mövcud zədələri dərinləşdirir, həm də bədənə toksik maddələr, bakteriyalar və hormonal balansı pozan birləşmələr daşıyır. Bu təhlükəli təsirə görə mütəxəssislər elmi dövriyyəyə “plastiklə bağlı qaraciyər zədələnməsi” terminini daxil etməyi təklif ediblər.
Hələlik bu sahədə klinik araşdırmalar davam etsə də, plastikin toxumalarda toplanması faktı tibb dünyasında ciddi narahatlıq doğurur.
Yəni, ətraf mühitdəki plastik çirklənmə təkcə təbiəti deyil, həm də birbaşa daxili orqanlarımızı zəhərləyərək qaraciyərin sıradan çıxmasına səbəb olur./Demokrat.az























