Yaşayış binalarında kombi sistemlərinin istifadəsinə məhdudiyyət və ya qadağa tətbiq olunmasının əsas səbəbi təhlükəsizlik risklərinin artması ilə bağlıdır. Xüsusilə qapalı məkanlarda qazla işləyən fərdi istilik cihazları düzgün quraşdırılmadıqda və ya mütəmadi texniki baxışdan keçirilmədikdə ciddi təhlükə mənbəyinə çevrilə bilir. Bu yanaşma həm də şəhərsalma və infrastruktur baxımından daha mərkəzləşdirilmiş istilik sistemlərinə keçid tendensiyası ilə əlaqələndirilir.
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı təhlükəsizlik eksperti Samir Nəbiyev Demokrat.az-a bildirib ki, son dövlərdə qaz sızması və partlayış riski daha çox müşahidə olunur:
“Bu baxımdan dəm qazı, yəni karbonmonoksid zəhərlənmələrinin sayı azalmağa deyil, artmağa doğru gedir. Eyni zamanda bacalarda ventilyasiya problemləri mövcuddur. Onların davamlı təmizlənməməsi və bu prosesə nəzarətin olmaması da ciddi problemlər yaradır.
Digər tərəfdən texniki xidmətin zəifliyi əsas səbəblərdən biridir. Kombilər il ərzində mütəmadi yoxlanmalı, sensorlar tənzimlənməli və işlək vəziyyətdə olub olmadığı yoxlanılmalıdır. Lakin vətəndaşların çox az hissəsi bunu edir. Bu isə nəticədə xoşagəlməz və bədbəxt hadisələrə gətirib çıxarır”.
Ekspert deyib ki, təbii qazdan istifadənin yükü də artır:
“Mərkəzləşdirilmiş sistem tətbiq olunduqda bir məhəllə və ya mikrorayon üzrə vahid istilik sistemi qurulur və dövlət nəzarəti daha asan həyata keçirilir. Bu halda təhlükəsizlik tədbirləri daha yüksək səviyyədə təmin olunur. Hər hansı uyğunsuzluq aşkar edilərsə, fəaliyyət dərhal dayandırılır və tam təhlükəsiz vəziyyət bərpa olunduqdan sonra yenidən istismara verilir. Bu yanaşma xoşagəlməz və bədbəxt hadisələrin sayını minimuma endirməyə imkan yaradır”, – deyə o qeyd edib.























