Almaniyada yaşayan, barəsində bir neçə maddə ilə cinayət işi açılan,sosial şəbəkələrdə “söyüş blogeri” kimi tanınan Qabil Məmmədovun cinayət işi üzrə yeni detallar məlum olub.
Referans Media xəbər verir ki,Qabil Məmmədovun cinayət işində Milli Məclis və Bakı Şəhər İcra hakimiyyəti də şikayətçidir. Bu qurumların təmsilçiləri Q.Məmmədov haqqında Bakıda keçirilən məhkəməyə zərərçəkmişin nümayəndəsi qismində qatılaraq şikayətçi olduqlarını dilə gətiriblər.
Qabil Məmmədovun 16 il həbsə məhkum edilməsi barədə hökmdən apellyasiya şikayəti verilsə də, təmin olunmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qiyabi hökm qüvvədə saxlanılıb.
Qabil Məmmədov Cinayət Məcəlləsinin 20-dən çox maddəsiylə, o cümlədən dələduzluq, terrorçuluq, kütləvi iğtişaşların təşkili, hədə-qorxu ilə tələbetmə, terrorçuluğu maliyyələşdirmə kimi əməllərdə ittiham olunur.
Milli Məclisin nümayəndəsi bildirib ki, adamlar Q.Məmmədovun çağırışı ilə binaya daxil olublar. Orada dağıntı nəticəsində 22 min manatdan çox ziyan dəyib və ödənilməyib.
Bakı şəhər İcra Hakimiyyəti isə həmin hadisə vaxtı Şəhidlər Xiyabanına ziyan dəyməsi üzündən şikayətçidir. İttihama görə, dəymiş ziyanın məbləği 1436 manat olub və ödənilməyib.
Qeyd edək ki,Qabil Məmmədov özünü bloger kimi təqdim etsə də,əxlaqsız çıxışları ilə sosial şəbəkələrdə “məşhurluq” qazanıb.






















