Şok səs yazısı yayıldı – Mədəniyyət Nazirliyi ilə sənət adamları arasında qalmaqal davam edir

Mədəniyyət Nazirliyi ilə bəzi sənət adamları arasında yaranmış qalmaqal davam edir. Artıq nazirlik deyəsən “ən yaxşı müdafiə hücumdur” deyərək həmlələrə başlayıb.

Əməkdaşları Mənzər Nurəliyevanın illərdi davam edən hegemonluğuna son qoymaq əvəzinə qarşı tərəfdə səhv axtarırlar. Şikayətçilərdə də bəzi məqamlarda yanlışlıqlar ola bilər. Amma konkret olaraq Almaxanım Əhmədlinin Özbəkistanda Azərbaycan Mədəniyyət Günləri ilə bağlı dedikləri faktdır. Nazirlik məmurları bunun qarşısında ciddi bir arqument gətirə bilmirlər.

Xanəndə Almaxanım Əhmədlinin dediyinə görə Özbəkistana getmək üçün adı siyahıya salınıb, 15 gün məşq etdikdən sonra Mənzər Nurəliyevanın adından ona adının siyahıdan çıxarıldığı bildirilib. Almaxanım nazir Adil Kərimliyə müraciət etdikdən sonra adı yenidən siyahıya salınıb. Aydındır ki, sənət adamları 15 gün ərzində məşq ediblərsə, bundan şübhəsiz cənab nazirin də xəbəri olub, onun təsdiqi ilə baş tutub. Belə olduğu halda Mənzər Nurəliyevanın hərəkəti özbaşınalıq deyilmi? Məsələni keçən ildən uzadıb həll etməməkdə məqsəd nədir? İndi də Almaxanım Əhmədlinin atası, hörmətli şairimiz Vüqar Əhmədi səhv çıxartmaq istəyirlər. Təəssüf ki, bəzi saytlar Vüqar müəllimə qarşı anlaşılmayan bir yazı ilə çıxış edib. Guya Mədəniyyət Nazirliyinin əməkdaşından şikayət edən sənətçiləri Vüqar Əhməd yönəldir, çünki Mənzər xanımla aralarında nəsə şəxsi problem var. Guya şairi ifşa edəcək dərəcədə sensasion, şok səs yazısı tapıblar. Səsi dinlədim. Vüqar müəllim müsahibələrində, çıxışlarında nə deyibsə, elə həmin fikirləri də səs qeydində bir daha təkrar edir. Burada mən şok effektli nəsə eşitmədim. Həmkarlarım inciməsinlər, bu çox ucuz şou təsiri bağışladı.

Sima Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki