Yaş artdıqca sümük toxumasının zəifləməsi müşahidə oluna bilər və bu zamanla bu osteoporoz riskini artırır. Lakin düzgün yanaşma ilə bu prosesi ləngitmək və sümük sağlamlığını uzun illər qorumaq mümkündür.
Referans Media xəbər verir ki ,bu sözləri Oxu24.com-a həkim Fərhad Burzu bildirib.
“Sümük sağlamlığına təsir edən əsas amillər arasında yaş, genetika, qidalanma, fiziki aktivlik, hormonal balans və həyat tərzi mühüm yer tutur. Xüsusilə kalsium və D vitamini çatışmazlığı, az hərəkətli həyat tərzi və zərərli vərdişlər sümük zəifləməsini sürətləndirə bilər.
Güclü sümüklər üçün gündəlik rasionda tərəvəzlərə, kalsiumla zəngin qidalara yer vermək vacibdir. D vitamini isə kalsiumun mənimsənilməsində əsas rol oynayır. Eyni zamanda, ağırlıq və müqavimət məşqləri sümük toxumasını gücləndirir və itkinin qarşısını alır. Yerimə, qaçış və rəqs kimi fiziki fəaliyyətlər də sümük sağlamlığına müsbət təsir göstərir. Siqaret və alkoqoldan uzaq durmaq isə bu prosesdə mühüm addımlardandır.Unutmaq olmaz ki, sümük sağlamlığına erkən yaşlardan diqqət yetirmək gələcəkdə ciddi problemlərin qarşısını ala bilər. Müntəzəm müayinələr və düzgün həyat tərzi ilə sümüklərinizi uzun müddət güclü və sağlam saxlamaq sizin əlinizdədir”,-deyə həkim bildirib.























