backend

“Süni intellekt əmək bazarını sunami kimi vuracaq” 

Cənubi Afrikada keçirilən G20 sammitində çıxış edən Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva süni intellektin (Sİ) qlobal əmək bazarına çox güclü təsir göstərəcəyini bildirib.

 

Referans Media Gürcüstan mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, Sİ-nin sürətli yayılması dünya iqtisadiyyatını və əmək münasibətlərini radikal şəkildə dəyişə bilər. Georgiyeva qeyd edib ki, COVID-19 pandemiyası, müharibələr və ticarət gərginlikləri kimi bir sıra şoklardan sonra qlobal iqtisadiyyat gözləniləndən yaxşı, lakin lazım olandan daha zəif vəziyyətdədir. Bununla belə, o vurğulayıb ki, süni intellekt iqtisadi artımın mühərrikinə çevrilə və dünya üzrə ÜDM-in artım tempinə təxminən 1 faiz bəndi əlavə edə bilər.

 

BVF rəhbərinin sözlərinə görə, Sİ-nin təsirləri inkişaf etmiş ölkələrdə iş yerlərinin 60%-nə, inkişaf etməkdə olan bazarlarda 40%-nə, aşağı gəlirli ölkələrdə isə 26%-nə qədər çata bilər. Georgiyeva bu prosesin “əmək bazarına sunami kimi çırpılacağını” bildirib. O, ölkələri rəqəmsal infrastruktur və təhsilə daha çox sərmayə qoymağa çağırıb. Georgiyeva həmçinin innovasiyaları dəstəkləyən, lakin texnologiyalara insan işçiləri üzərində üstünlük verməyən qaydaların hazırlanmasının vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki